"Vətən səsi" xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O qeyd edib ki, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən Zəngəzur dəhlizi mövzusu çərçivə sülh sazişinin mətnindən çıxarılsa da, Əbu-Dabi görüşündə müzakirə olunan əsas məəsələlərdən biri məhz bu olub.
Sabiq nazir bildirib ki, Rusiyanın Azərbaycanla münasibətlərinin normal məcrada davam etdiyi dövrdə sülh prosesi konteksində Bakı və Moskva arasında fikir ayrılıqlarının əsasını məhz Zəngəzur dəhlizi mövzusu təşkil edirdi: "Azərbaycan və Rusiya Federasiyası arasında gərginliyin səbəblərindən biri odur ki, Rusiya tərəfinin 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin icrasını təmin etmək imkanının olmaması və ya faktiki olaraq bunu istəməməsi fonunda həm Ermənistan, həm də Azərbaycan üçüncü tərəfin (ABŞ və ya Türkiyənin) təhlükəsizliyin təminatçısı kimi iştirakının mümkünlüyünü müzakirə etməyə razılaşıblar.
Güman edirəm ki, ABŞ-la İran arasında aparılan danışıqlarda İranının Zəngəzurla bağlı “qırmızı xətlər” mövzusu aradan qaldırılıb".
Tofiq Zülfüqarov hesab edir ki, Əbu-Dabi görüşünün Azərbaycan və Ermənistan başçılarının Rusiya Federasiyasının iştirakı olmadan keçirdiyi ilk görüş olması barədə səsləndirilən fikirlər yanlışdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın iştirakı olmadan keçirilən əvvəlki görüşlərdə də fikir mübadiləsi aparılıb: "Bununla belə, ehtimal etmək olar ki, bu, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti olmadan işləməsi məsələsinin müzakirə edildiyi ilk görüşlərdən biridir. Əgər mənim fərziyyələrim doğrudursa, bu görüşü ona görə tarixi adlandırmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsi yenidən başladığı nöqtəyə qayıdıb. Bu gün az adam xatırlayır ki, ilk azərbaycanlı qaçqınlar 1987-ci ilin payızında Qafandan oldular oldu və erməni millətçilərinin hücumuna məruz qalan ilk rabitə xətti Azərbaycan Dəmir Yolları İdarəsinin Mehri hissəsi oldu".
Elxan SALAHOV