Tədbirdə Finlandiyada yaşayan türk və azərbaycanlı icmaların nümayəndələri, eləcə də çoxsaylı qonaqlar iştirak edərək Ramazan ayının birlik, həmrəylik və paylaşma ruhunu bir arada bölüşüblər.
İftar proqramında Türkiyənin Helsinkidəki səfiri Deniz Çakar, AK Parti Konya millət vəkili Orhan Erdem, UID-in ümumi başqanı Kenan Aslan, Şimali Kipr Türk Cümhuriyyətinin Finlandiya üzrə təmsilçisi Sonat Altuğ, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova və Finlandiyada yaşayan vətəndaşlar iştirak ediblər.
Tədbir çərçivəsində çıxış edən qonaqlar Ramazan ayının sülh, mərhəmət və birlik dəyərlərini vurğulayaraq müxtəlif icmalar arasında qarşılıqlı hörmət və əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin Finlandiyada yaşayan diaspor nümayəndələri vasitəsilə daha da möhkəmləndiyi bildirilib.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında rəhbərlik etdiyi qurumun Finlandiyada Azərbaycan mədəniyyətinin, dilinin və milli dəyərlərinin tanıdılması istiqamətində gördüyü fəaliyyətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan Evi müxtəlif mədəni tədbirlər, görüşlər və layihələr vasitəsilə həm Azərbaycan icmasının birliyinin möhkəmləndirilməsinə, həm də Azərbaycan ilə Finlandiya arasında mədəni əlaqələrin inkişafına töhfə verir.
Tədbirin sonunda Ramazan ayının bütün insanlara sülh, bərəkət və həmrəylik gətirməsi arzulanıb. (AZERTAC)