Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində tonqal qalanıb, milli mətbəx nümunələri təqdim olunub, qədim xalq oyunları nümayiş etdirilib. Həmçinin kitablar, muzey eksponatları və rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, idmançılar müxtəlif nömrələrlə çıxış edərək məharətlərini göstəriblər.
Respublikanın əməkdar artisti Azad Şükürovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər rayon sakinlərini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın milli-mənəvi dəyərləri içində xüsusi yer tutduğunu vurğulayıblar.
Bayram tədbiri konsert proqramı ilə davam edib. Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Xalq artistləri Mənsum İbrahimov və Gülyaz Məmmədova, Əməkdar artistlər Fehruz Səxavət, Təyyar Bayramov, İlkin Əhmədov, Gülüstan Əliyeva, Elnur Zeynalov, kollecin müəllim və tələbə heyəti və “Nənə Qızlar” folklor ansamblı rəngarəng musiqi nömrələri təqdim ediblər. Novruzun ənənəvi personajları olan Kosa və Keçəlin iştirakı tədbirə xüsusi bayram ovqatı qatıb. (AZERTAC)