Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmətini dayandıracaq.
"Vətən səsi" xəbər verir ki, bu barədə razılıq Moskvada MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub. Razılaşmaya əsasən, sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri dayanacaq. Ermənistan-Türkiyə sərhədini isə Rusiya ilə yanaşı Ermənistan sərhədçiləri də qoruyacaq.
Yeri gəlmişkən, Rusiya sərhədçiləri bu ilin iyul ayında İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarılıb. Rus hərbçilərinin İranla sərhəddən tamamilə çıxarılması, Türkiyə ilə sərhədə nəzarətin isə ruslarla yanaşı Ermənistan özünün hərbi qüvvələrinə həvalə edilməsi yeni suallar yaradır. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, bu məsələ Rusiya və Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində ikitərəfli danışıqlar çərçivəsində geniş müzakirə edilib və sonda iki ölkənin liderləri arasında yekun razılaşma əldə edilib.
Bununla belə, Paşinyanın mətbuat katibinin açıqlamaları Rusiya hərbçilərinin sərhəddən kənarlaşdırılması ilə bağlı suallara tam aydınlıq gətirməyib. Erməni ictimaiyyətindən ən çox müzakirə olunan məqamlardan biri Nikol Paşinyanın bu addımı ABŞ bə Qərbin təzyiqləri altında atmasıdır. Əksəriyyət belə hesab edir ki, Rusiya sərhədçilərinin əvvəlcə Zvartnots Beynəlxalq Hava Limanından, sonra İranla sərhəddən tamamilə çıxarılması, Türkiyə ilə sərhədə isə ruslarla yanaşı erməni hərbçilərinin də nəzarət etməsi təsadüfi deyil.
Ekspertlər növbəti mərhələdə Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın da çıxarılacağını düşünürlər. Bildirilir ki, Paşinyan Rusiyanın bölgədə hərbi mövcudluğuna son qoymaq üçün Qərb tərəfdaşları qarşısında müəyyən öhdəliklər götürüb. Ermənistan hakimiyyətinin Rusiyanın himayəsi və diktəsi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) movcudluğunu faktiki olaraq dondurması da bununla əlaqələndirilir.
"Nikol Paşinyanın 44 günlük müharibə zamanı KTMT-dən hərbi dəstək istəməsi və Rusiyanın buna razılıq verməməsi Qərblə İrəvan arasında Moskvaya qarşı birgə hərəkət üçün sadəcə bəhanədir və bu, daha çox ABŞ-ın maraqlarına xidmət edir. Əslində nə rus hərbçilərinin sərhəddən çıxarılması, nə də Ermənistanən KTMT-dən çıxmağa hazırlaşmasının Rusiya üçün böyük əhəmiyyəti yoxdur. Hər iki hal Rusiyadan daha çox Ermənistanın özünə lazımdır", - deyə erməni politoloq Qrant Mikaelyan Ermənistan hakimiyyətinin regionda baş verən proseslərdəki iştirakını şərh edərkən bildirib.
Xatırladaq ki, Rusiya sərhədçiləri 30 ildən çoxdur Ermənistanın sərhədini qoruyur. Rus hərbçilərinin Ermənistandakı fəaliyyəti "Rusiya Federasiyasında sərhəd qoşunlarının statusu haqqında ikitərəfli saziş" əsasında müəyyən edilir. 1992-ci ildə imzalanmış həmin sənəd müddətsizdir. 1994-cü ildə yaradılan və bir ildən sonra Ermənistanda yerləşdirilən 102-ci hərbi bazanın bu ölkənin ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Müvafiq sənəd 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı imzalanıb. Rusiya Dövlət Dumasının təsdiq etdiyi sənədə əsasən, 102-ci hərbi baza Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılır. Müvafiq sənəd Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı imzalanıb. Protokola əsasən, Ermənistanın şimalında Gümrü şəhərində mənzillənən hərbi baza Müstəqil Dövlətlər Birliyinin birləşmiş hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi növbətçilik edir.
Elxan SALAHOV