Bu barədə CEIA şirkətinin tətbiqi texnologiyalar üzrə mütəxəssisi Maurisio Maskarino Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat verib.
"Azərbaycanda azad olunmuş ərazilərin minalardan təmizlənməsini dəstəkləməkdən məmnunluq duyuruq. Layihə çərçivəsində qadın qeyri-hökumət təşkilatı Qarabağda minaların axtarılması və təmizlənməsi üçün metal axtarıcılarımızı alacaq", - o qeyd edib.
Maurizio Maskarino vurğulayıb ki, "Mina Əleyhinə İtalyan Kampaniyası" (Campagna Italiana contro le mine) vasitəsilə həyata keçirilən layihə İtaliya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra edilir və yaxın zamanda İtaliyanın Bakıdakı səfirliyi tərəfindən rəsmi şəkildə təqdim ediləcək.
"Bizim mina axtarıcılarımız dünyanın hər yerində, o cümlədən, Azərbaycanda satılır. Azərbaycan Respublikasının Minalardan Təmizləmə Agentliyi (ANAMA), eləcə də, Qarabağda fəaliyyət göstərən bəzi özəl şirkətlər bizim metal axtarıcılarımızdan istifadə edir", - o əlavə edib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilib. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib. (Trend)