"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, sülh sazişi ilə bağlı Ermənistan rəhbərliyinin qəti və aydın mövqeyi yoxdur: “Ermənistan xarici işlər naziri Ararat Mirzoyan söyləyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıb. Baş nazir Nikol Paşinyan avqustun 31-də sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi. Rəqəmlərdə fərqlilik var. Bəndin biri hara gedib? Ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb".
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında sülh sazişinin 17 bənddən ibarət olduğunu bildirib. Paşinyanın sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında müzakirə olunan "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" adlanan layihənin preambula da daxil olmaqla 13 bəndi razılaşdırılıb. Digər bəndlərin lüğət tərkibi barədə razılıq əldə olunub. Sülh müqaviləsi layihəsinin razılaşdırılmış müddəalarından biri budur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz.
Ermənistanın sülh sazişi layihəsində bəndlərdən birini "itirməsinə" rasmi Bakının reaksiya özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalarla bağlı fikirlərini şərh edərkən deyib ki, rəsmi İrəvan növbəti dəfə ictimaiyyətin diqqətini real vəziyyətdən yayındırmağa çalışır: "Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir".
Elxan SALAHOV