Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasından səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
Prezident Ərdoğan İran ilə Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət və mədəni sahələr üzrə atılacaq addımlar, növbəti prosesləri necə inkişaf etdirəcəkləri barədə müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Bildirilib ki, İranın sabiq Prezidenti Mahmud Əhmədinejadın dövründə iqtisadi sahədə hədəf 30 milyard ABŞ dolları idi. Hazırda ticarət dövriyyəmiz 7,5 milyard dollar səviyyəsindədir. Lakin növbəti dövrdə yüksəliş davam edəcək. Əlbəttə ki, biz ticarət, nəqliyyat, gömrük, enerji, turizm, sənaye, gənclər və idman kimi sahələr üzrə əməkdaşlığımızı inkişaf etdirmək üçün ortaq iradəmizin olduğunu bir daha gördük.
Səfər çərçivəsində regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsinin aparıldığını bildirən Türkiyə Prezidenti deyib: “Münasibətlərimizin hüquqi təməllərini daha da gücləndirəcək ümumilikdə 8 müqavilə imzaladıq. Terror təşkilatları ilə birgə mübarizə, sərhəd təhlükəsizliyi kimi məsələləri də ətraflı müzakirə etdik. Bu münasibətlə regionumuzda baş verən hadisələrlə bağlı hərtərəfli fikir mübadiləsi apardıq”.
Rusiya ilə Ukrayna arasında gərginliyə toxunan Türkiyə Prezidenti Rusiyanın dövlət başçısı ilə bu məsələ ətrafında da danışıqlarının olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Rusiya ilə təbii qaz, “Akkuyu” və digər məsələlərdə həmrəylik davam edir və edəcək. (AZƏRTAC)