Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
"Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Jozep Borrell bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb", – o qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, "Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar".
"Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Jozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir", – o vurğulayıb.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil:
"Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində “Vətən sevdası” olmayan bu etnosun təmsilçiləri tarix boyu “yaxşı həyat” istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək".
“Nəhayət onu da qeyd edək ki, Aİ-nin “Ermənistan sevgisi”nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar “yem” olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana “ağıllı olun” demək düşər”, – Fərid Şahbazlı qeyd edib. (Report)