Bu fikirləri Türkiyənin Los-Ancelesdəki sabiq baş konsulu, Türkiyənin İqtisadi Siyasətinin Araşdırılması Vəqfinin (TEPAV) eksperti Gülru Gezer ifadə edib.
Ekspertin sözlərinə görə, Türkiyə-Ermənistan gündəliyində bütün məsələlərlə yanaşı, həm də mövcudluğunun əsasını 1915-ci il hadisələri təşkil edən erməni diasporunun mövqeyi də var. Sabiq baş konsul əlavə edib: “Sirr deyil ki, Cənubi Qafqazın hüdudlarından kənarda yaşayan ermənilər Ankara ilə dialoqun və Azərbaycanla sülhün əleyhinə çıxırlar. Yeri gəlmişkən, erməni müxalifəti də bu mövqedədir”.
TEPAV-ın eksperti diqqətə çatdırıb ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən arxiyepiskop Baqrat Qalstyanın tərəfdarları ilə yanaşı, meydanlarda diaspor təmsilçisi, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanı qətlə yetirən terrorçu Hampiq Sasunyan da olub. Gezer bildirib: “Baqrat Qalstyanın diaspor ilə birbaşa əlaqələrini sübut edən daha bir fakt “Daşnaksutyun” partiyasının onun təşkil etdiyi etiraz aksiyalarını dəstəkləməsidir”.
Diplomat əmin olduğunu bildirib ki, Ermənistan hakimiyyəti üçün sülh yolunda ən düzgün seçim diaspordan uzaqlaşmaqdır. Ekspert vurğulayıb: “Erməni diasporu keçmiş zamanda yaşayır və onun əməllərinin Ermənistana zərər vurduğunu etiraf etməkdən çəkinir. Nikol Paşinyan hökuməti xaricdə yaşayan ermənilərin sözlərinə qulaq asmamalı, Ermənistanın özünün maraqlarına əsaslanmalıdır. O, aydın başa düşməlidir ki, Fransa və ya ABŞ-dakı ermənilər Ermənistana köçməyəcək və diaspor ölkə əhalisinin gündəlik problemləri ilə maraqlanmır”.
İrəvanın ABŞ və Fransa ilə yaxınlaşmaq səylərinə toxunan Gezer qeyd edib ki, Ermənistana silah tədarükü təkcə Bakıda deyil, Ankarada da narahatlıq doğurur. Onun sözlərinə görə, Moskvadan uzaqlaşma fonunda İrəvanın Vaşinqton və Parisin timsalında regiondankənar aktorların dəstəyini almaq istəyi problemə real yanaşma kimi görünmür”.
TEPAV nümayəndəsi qeyd edib: “Baş nazir Nikol Paşinyan Ermənistan ictimaiyyətinə regionda sülhün bütün faydalarını izah etməlidir. Nə Türkiyə, nə də Azərbaycan Ermənistan üçün təhlükə mənbəyi deyil, ticarətin başlanması və investisiyaların cəlb edilməsi dənizə çıxışı olmayan bu ölkə üçün güclü təkan olardı”.
Türkiyənin sabiq baş konsulu Ukraynada müharibənin başa çatması ilə beynəlxalq aləmdə bütün qüvvələr balansının dəyişə biləcəyini və daha sonra Cənubi Qafqazdakı vəziyyətə kənardan müdaxilə cəhdlərinin güclənəcəyini istisna etməyib. “Ona görə də Paşinyan Azərbaycanla uzunmüddətli sülh sazişini imzalamağa tələsməlidir. Artıq Ermənistan konstitusiyasının dəyişdirilməsi yolunda müəyyən siqnallar verilib. Xarici və daxili təzyiqlərə baxmayaraq, bu addımları davam etdirmək vacibdir”, -deyə türkiyəli ekspert vurğulayıb.
Gezer regionda sülhə nail olunacağı təqdirdə, həm də Ermənistanın öz iqtisadiyyatı üçün böyük dividentlər vəd edən Orta Dəhlizdə bir halqaya çevriləcəyini qeyd edib. O vurğulayıb ki, İrəvan üçün həm Bakı, həm də Ankara ilə dialoqda müsbət tendensiyanı saxlamaq vacibdir. (AZƏRTAC)