Bu sözləri açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq bildirib ki, Azərbaycanın qanuni sülh şərtləri və Ermənistanın konstitusiyası ilə yanaşı, digər normativ-hüquqi aktlarında mühüm dəyişikliklərin edilməsi tələbi altında əzilən İrəvan siyasi hakimiyyəti çıxış yolu tapmaq üçün yenidən özünün Qərb tərəfdaşlarına üz tutmalı olub. İlkin olaraq bu tələbləri qəbul edən və hətta parlamentdə Azərbaycan tərəfindən irəli sürülən tələblərin məntiqli olduğunu dəfələrlə bildirən Ermənistanın baş naziri Nikol Paşinyan indi rəsmi Bakıdan iki il vaxt istəyir. Bunun ardınca erməni mediasında Pentaqon nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində vəzifə tutması barədə xəbər tirajlanır. Nəhayət Londonda ehtimal olunan görüşdən Ermənistanın birdən-birə imtina etməsi fonunda Fransanın fəallığı da diqqətçəkən məqamlardandır.
“Zirvə toplantısı zamanı dünya liderlərindən uzaq düşən Ermənistanın baş nazirinə siyasi dəstək verməyə çalışan Fransa Prezidentinin İrəvana hərbi yardımın ayrılmasını “militarizasiya” yox, “yardım” adlandırması və bu məqamda Azərbaycanı günahlandırması, əslində, Avropada, Afrikada, Okeaniyada və nəhayət Qafqazda öz tribunasını, təzyiq rıçaqlarını itirən Fransanın son ümid fəryadından başqa bir şey deyil. İndiki məqamda Ermənistanı silahlandırmaq, hərbi dəstək göstərmək yalnız və yalnız İrəvanı çıxılmaz xaosa sürükləmək kimi qiymətləndirilə bilər. Vaşinqton görüşündən qayıdandan sonra İrəvanın sülh gündəliyindən uzaqlaşmaq cəhdləri isə onu deməyə əsas verir ki, hələ də Ermənistanın siyasi rəhbərliyi Fransanın ambisiyalı siyasi oyununun təsirindən çıxa bilməyib. Cidd-cəhdlə Ermənistanı militarizə etməyi qarşısına əsas məqsəd qoymuş E.Makron administrasiyası isə hələ də qəbul edə bilmir ki, münaqişə bitib, qalib bəllidir və artıq sülh fazası işlək vəziyyətə gəlib. İndiki məqamda Ermənistanı silahlandırmaq yalnız və yalnız yeni məğlubiyyətlə nəticələnəcək. Bu məqamda da Fransa bölgənin çox da uzaq olmayan siyasi tarixini vərəqləməyi yaddan çıxarıb. Otuzillik işğal zamanı susqun və “kor” olan Fransa siyasətinin işi yalnız bölgəyə səfər etmək və reallığa uyğun olmayan təkliflər verməkdən ibarət idi. 2020-ci ilin noyabrında siyasi latargiya yuxusundan ayılan Fransa siyasi hakimiyyəti dərk etməyə başladı ki, bu illər ərzində apardığı siyasət elə onun özünə qarşı çevrilib. İndiki məqamda bölgədə güc və söz sahibi olan, enerji və nəqliyyat qovşağına çevrilən, ən əsası, Şərq və Qərb yarımkürələrində yürütdüyü balanslı siyasət nəticəsində strateji müttəfiqlər qazanan Azərbaycana qarşı hüquqi və siyasi reallığa sığmayan bəyanatların heç bir təsiri olmayacaq”, - deyə politoloq diqqətə çatdırıb.
Amid Əliyev əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərinə analoq olaraq yaradılması nəzərdə tutulan və ölkəmizə qarşı güc kimi istifadəsi ehtimal edilə biləcək Ermənistan-Fransa və ya Ermənistan-ABŞ əməkdaşlığının heç bir perspektivi yoxdur. Çünki Azərbaycan-Türkiyə münasibətlərinin əsasında səmimiyyət, etimad, etibar, qardaşlıq və bölgənin birgə gələcəyi uğrundakı işbirliyi durur. Ermənistanı özünə tərəf seçənlərin əsas məqsədi isə siyasi ambisiya, bölgəyə yiyələnmək, siyasi hakimiyyətə nəzarət etmək və sonda xaos yaradaraq yeni münaqişə ocağından faydalanmaqdır. Fransa kimi yeni müstəmləkəçilik siyasətini davam etdirən militarist xislətli bir dövlətin istəkləri isə ya buna uyğun olur, ya da bundan daha irəli gedir. Bu isə sonda Ermənistanı ciddi seçimlər qarşısında qoya bilər.
“Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında Azərbaycanla görüşdən imtina edən Ermənistan, əslində, məkan sahibi olan Birləşmiş Krallığın da bölgə üzrə nəzərdə tutduğu siyasətə qarşı qırmızı xəttinin keçilməsi kimi qiymətləndirilə bilər. Azərbaycanın enerji resurslarını Orta Dəhlizdən keçirməklə dünya bazarına çıxarılması layihəsini, sülh gündəliyini və ölkəmizin haqlı mövqeyini dəstəkləyən İngiltərə siyasi isteblişmenti bu faktı qulaqardına vurmayacaq. Brüssel platformasını özünün məkrli ambisiyaları hesabına iflasa uğradan Fransanın siyasi hakimiyyəti əgər orada cəzasız qaldısa, bu Zirvə çərçivəsində etdiklərinə görə həm özünü, həm də Ermənistanı böyük yük altına qoydu”, - deyə o vurğulayıb. (AZERTAC)