Bu sözlər açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvi, politoloq Asif Əsgərli söyləyib.
Azərbaycanın regionda sülhün təmin olunması üçün 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atdığını xatırladan politoloq deyib: “Prezident İlham Əliyev müsahibəsində bu günə qədər Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin şərtlərini dünya ictimaiyyətinə bir daha çatdırdı. Ölkəmiz sülhün tərəfdarı kimi Qarabağ iqtisadi rayonuna, Şərqi Zəngəzura və digər ərazilərə azərbaycanlı əhalinin köçürülməsini təmin edərək, regionda Azərbaycan vətəndaşı olacaq erməni əsilli əhalinin təhlükəsizliyinə zəmanət verəcəyini göstərdi. Prezident İlham Əliyevin müsahibədə ərazilərimizdə yaşayan bütün əhalinin Azərbaycanın Konstitusiyası ilə ölkə daxilində bərabər hüquq çərçivəsində yaşayacağını Qarabağ ermənilərinə çatdırdı.
Azərbaycanın Qarabağda yaşayan əhaliyə guya “təzyiqlər” və yaxud onların yaşayışına maneələr yaratması haqqında cəfəng və sərsəm fikirləri Prezident İlham Əliyev müsahibəsində səsləndirdiyi fikirlərlə alt-üst etdi. Ölkəmizdə milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının bütün hüquq və vəzifələri tanınır.
“Müsahibədə sərhədlərin delimitasiyası məsələsinə də aydınlıq gətirildi. Yəni, Ermənistan Azərbaycan ərazilərini sözdə tanıyır. Lakin Ermənistan bunu hüquqi çərçivəyə salmalı, parlamentdə ratifikasiya etməlidir. Ölkəmizin Ermənistanın ərazisini tanımasına rəğmən, qarşı tərəfin buna tam əməl etmədiyini görürük. Çünki ərazilərin tanınması açıqlama şəklində yox, hüquqi formada təsdiq edilməlidir.
Müharibədən keçən üç ilə yaxın müddətdə Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsi barədə təklif göndərib. Qarşı tərəf isə manipulyasiyalara əl atır, müxtəlif bəhanələrlə bu təklifi bir növ geri çevirir. Əslində isə Ermənistanın da imzaladığı üçtərəfli Bəyanata əsasən, sərhədlər delimitasiya və demarkasiya olunmalı, bölgədəki bütün nəqliyyat-kommunikasiya əlaqələri bərpa edilməli, Azərbaycanla Naxçıvan arasında olan gediş-gəliş açılmalıdır. Bütün bunları Azərbaycan qəbul etdiyi kimi, Ermənistan da təsdiqləməli və əməli addımlar atmalıdır. Dövlətimizin başçısı, eyni zamanda, Ermənistanın və onun havadarlarının Laçın dəhlizi ətrafında vasitəsilə yaratdıqları hay-küyə də tutarlı cavab verdi”, - deyə politoloq bildirib.
A.Əsgərli deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə ərazilərimizə qanunsuz daşımaların şahidi olmuşuq. Bundan əlavə, qanunsuz erməni hərbi birləşmələrinin Laçın yolu ilə Azərbaycan ərazilərinə daxil olmasını, onlara təminat aparılmasını da gördük. Bu sadalananlar Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərlə də həyata keçirilirdi. Azərbaycan suveren hüquqlarından istifadə edərək Laçın yolunda buraxılış məntəqəsi yaratdı və bundan sonra ərazilərimizə daxil olan hər şey tam yoxlanılacaq. Bütün bunlar onu göstərir ki, regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. (AZERTAC)