23.11.2024, 04:44
AZ EN
30.05.2024, 17:51 162

Deputat: Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir

XƏBƏRLƏR
  • Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir. 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra da Azərbaycan minalarla mübarizəni davam etdirir.

Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir:

“Biz də bu problemdən ən çox əziyyət çəkən ölkələr sırasındayıq. Belə ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsinin başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sursatlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir”.

Deputat qeyd edib ki, minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir:

“2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür”.

Aqil Məmmədov minalarla çirklənmənin ətraf mühitə zərərli təsirləri olduğunu da vurğulayıb:

“Minalarla çirklənmə nəticəsində kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqlar, eyni zamanda, saysız-hesabsız heyvan və bitki növləri, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənib.

Deputat diqqətə çatdırıb ki, ölkəmiz mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi üçün bir sıra addımlar atıb:

“Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. Bu sayca 3-cü belə konfransdır. Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz statusunu qazanıb.

Bu gün keçirilən konfransda da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb. Bununla Azərbaycanda Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılması nəzərdə tutulur.

Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir”. (APA)

Oxşar xəbərlər