22.11.2024, 04:44
AZ EN
15.05.2024, 14:08 298

Erməni bloger etirazçı keşişə və tərəfdarlarına səsləndi: "Allahı tanıyırsınızsa..."

XƏBƏRLƏR
  • Tanınmış erməni bloger Roman Baqdasaryan 44 günlük müharibədən və bir günlük antiterror tədbirlərindən sonra Qarabağı könüllü tərk edərək Ermənistana köçən erməniləri kəskin tənqid edib. O, özünün internet kanalında canlı yayımda Qarabağdan köçən erməniləri "nankor və xain" adlandırıb:

"Vətən səsi" xəbər verir ki, Baqdasaryan Ermənistanın güc strukturlarının rəhbərlərinə müraciət edərək antiterror tədbirlərindən sonra ləğv edilmiş qondarma rejimin keçmiş əməkdaşlarını işlə təmin etməməyə çağrıb: “Əgər güc strukturlarında bircə nəfər belə mənim canlı yayımlarda Qarabağdan gələn ermənilərin işə götürülməməsi haqqında xəbərdarlığımı eşidibsə, bu möhtəşəmdir. Heç bir halda “arsax mtx”nin əməkdaşlarını Ermənistan MTX-yə, “Qarabağ polisi”ni Ermənistan polisinə, müstəntiqləri Ermənistan İstintaq Komitəsinə işə götürmək olmaz. Çünki onlar hamısı xaindir. Bunu anlamaq çox vacibdir. Hazırkı proses onların yalnız nankor olduğu deyil, həm də xainliyini, hər an arxadan vura biləcəyini göstərdi”.

Baqdasaryan Qarabağdan köçən ermənilərə də müraciət edib. O, həm separatçıları, həm də "nankor və xain" adlandırdığı dinc erməniləri Allahsızlıqda günahlandırıb: “Qarabağdan köçən ermənilər, bəs sizin kilsə və Allaha qarşı hansı münasibətiniz var? Mən sadəcə sizlərin kilsə və Allaha hansı münasibətinizin olduğunu anlamaq istəyirəm. Əgər siz həqiqətən Allahı sevirsinizsə, kilsəni və Allahı tanıyırsınızsa, onda niyə Ağdamda daşı daş üstündə qoymayıbsınız? Ona görə də məni izləyən qarabağlılardan xahiş edirəm ki, Allahın adını ağzınıza almayın, kilsənin nə olduğunu bildiyinizi deməyin. Sizin inancınız arxasınca getdiyiniz yalançı müqəddəs Baqrat (İrəvanda Azərbaycanla sərhədlərin delimitasiya olunmasına qarşı etiraz aksiyalarının təşkilatçısı, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanı nəzərdə tutur - red.) saxtakar müqəddəs Qaregindir. Sizin inancınız arxasınca getdiyiniz keşişlər kimi saxtadır. Çünki həqiqi keşişlər siyasətdə olmur. Siz həqiqətən Allaha inansaydınız, keşişin arxasınca getməzdiniz. Ona görə də kilsənin nə olduğunu bilmədən, adını çəkmə. Sən yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən şəxssən. Bəs, sən bilmirsən ki, yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən Allahı çox qəzəbləndirir? Necə olub ki, bu sizin ağlınıza heç vaxt gəlməyib? Paşinyan, yoxsa Anna Akopyan bunu sizdən xahiş edib? Gəlin başa düşək, bunu sizdən kim istəyib? Əgər Paşinyan istəyibsə, onda onu tənqid etməliyik. Yoxsa siz özünüz bunu edibsiniz? Ona görə də heç vaxt kilsənin sizin tərəfinizdə və hazırkı hakimiyyətə qarşı olduğu haqqında danışmayın. Öz əməllərinizi xatırlayın. Siz hardasınız, kilsə hardadır? Siz hardasınız, Allah hardadır?”

Xatırladaq ki, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər. Son günlər etirazlar qızışıb, İrəvandakı Respublika meydanı və Ermənistan hökumətinin binasına bitişik ərazi mütəmadi olaraq polis nəzarəti altında saxlanılır. Son üç gündə etirazçılar İrəvanın küçələrində nəqliyyatın sıx hərəkət etdiyi küçə və prospektləri bağlamağa çalışır. Çoxsaylı etirazılar polis qüvvələri tərəfindən həbs edilərək inzibati tənbeh tədbirləri ilə cəzalandırılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR