"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yayıb. Bildirilir ki, Petrosyan Erməni Apostol Kilsəsinin Tavuş arxiyepiskopu Baqrat Qalstyanla görüşüb. Onlar Tavuş bölgəsinin qonşuluğunda yerləşən və Azərbaycana qaytarılacaq kəndlərlə bağlı vəziyyəti müzakirə ediblər. Görüşdən sonra Petrosyan ermənilərin "Voskepara" adlandırdıqları Əskiparaya kəndinə yollanıb.
Suren Petrosyan bildirib ki, kənd sakinləri ilə gündəlik təmaslar mövcud problemləri daha qabarıq göstərir. O, bundan sonra Əskiparada yaşamaq istədiyini və erməni əhalsinin yanında olacağını söyləyib: "Mən sona qədər bu kənddə yaşayan ermənilərin yanında olacağam. Burada dövlətçilik məsələsi həll olunur və bunu Voskeparda (Əskipara) hamı başa düşür. Ən əsası odur ki, hazırda kənddə yaşayan əhali heç bir şəraitdə təslim olmayacaqlarını deyirlər. Hamımız onların yanında dayanıb əsaslı dəyişikliklərə buradan başlamalıyıq. Bu, son dərəcə vacibdir”.
Xatırladaq ki, Paşinyan kökuməti Azərbaycana məxsus olan 1992-ci ildən işğal altında saxlanılan 8 kənddən 4-nün ən qısa müddətdə geri qaytarılmalı olduğunu anlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirdiyi sonuncu qapalı iclasda "Biz qısa müddət ərzində 4 kəndi Azərbaycana qaytarılmalıyıq" ifadəsini bir daha səsləndirib. "Hraparak"ın yazdığına görə, Paşinyanın Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə keçirilən qapalı iclasda bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.
Məlumata görə, görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib.
Elxan SALAHOV