20.10.2024, 01:42
AZ EN
19.03.2024, 21:50 201

Deputat: Budəfəki Novruz bayramında tonqallarımız Xankəndidə, Xocalıda da qalanır

XƏBƏRLƏR
  • Azərbaycan xalqı zəngin mədəniyyətini və adət-ənənələrini daim yaşadaraq nəsillərdən-nəsillərə ötürüb, inkişaf etdirib. Xalqımız dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət-ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli-mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, qarşıdan gələn Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Ulu Öndərimiz Heydər Əliyev qeyd etmişdi, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Uzun fasilədən sonra Prezident İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu. Ötən ilin sentyabrında isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində bütün Qarabağ separatçılardan təmizləndi. Beləliklə, budəfəki Novruz bayramında Xankəndidə, Xocalıda da Novruz tonqalı yandırıldı. Məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.

Deputatın sözlərinə görə, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Bu kontekstdə Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə baş verib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Fatma Yıldırım qeyd edib ki, müasir dövrümüzdə Novruz bayramını daha çox xalqlar və ölkələr qeyd edir: “Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 2016-cı il 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu fakt Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayının daim artdığının göstəricisidir. Ən əsas məqamlardan biri də odur ki, Novruz xalqı birləşdirən bayramdır. Bu da milli birliyimizi və həmrəyliyimizi əhəmiyyətli dərəcədə gücləndirir. (AZERTAC)

Oxşar xəbərlər