19.10.2024, 09:22
AZ EN
15.03.2024, 22:10 196

Deputat: XI Qlobal Bakı Forumu qlobal müzakirə platformasıdır

XƏBƏRLƏR
  • Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizdə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu qlobal müzakirə platforması hesab oluna bilər.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) önəmli beynəlxalq platforma olduğunu qeyd edən deputat Qlobal Bakı Forumunun mərkəz tərəfindən ənənəvi olaraq hər il keçirildiyini bildirib.

“İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. XI Forumda 68 ölkədən 350-dən çox qonağın iştirak etməsi də bu faktı təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”, - deyə F.Yıldırım vurğulayıb.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev XI Qlobal Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada və regionumuzda baş verən proseslər, Qoşulmama Hərəkatı müstəvisində fəaliyyəti və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, dövlətimizin başçısı Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Dövlətimizin başçısının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.

Azərbaycan Prezidenti Forumdakı çıxışında bir daha sülhə çox yaxın olduğumuzu bəyan edərək ölkəmizin sülh prosesini davam etdirməyə hazır olduğunu vurğuladı. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

Fatma Yıldırım qeyd edib ki, Forumda COP29 məsələsi də diqqət mərkəzində oldu. Tədbirin iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini dəstəkləyiblər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Məlumdur ki, indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi də planlaşdırırıq. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişiklikləri ölkələrin iqtisadiyyatına, ətraf mühitinə və ekologiyasına ciddi ziyan vurur. Ona görə də, beynəlxalq ictimaiyyət bu qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir. COP29-un ölkəmizdə keçirilməsi məsələsinin müzakirəsi qlobal mahiyyət kəsb edir və bu məsələ XI Qlobal Bakı Forumunun diqqət mərkəzindədir. (AZERTAC)

Oxşar xəbərlər