22.11.2024, 18:06
AZ EN
29.05.2023, 22:10 159

“Azərbaycan “Böyük Qayıdış” siyasətini uğurla həyata keçirir”

XƏBƏRLƏR
  • 44 günlük Zəfər savaşında Azərbaycanın hərbi və diplomatik qüdrəti ilə təmin olunan ərazi bütövlüyümüz ölkəmizin iqtisadi gücünün nümayişi olaraq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq- quruculuq işləri fonunda bütün dünyaya təqdim olunur. Prezident İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır. Bütün dünya erməni vandalizminin 30 illik işğal dönəmində Azərbaycan torpaqlarını viran qoymasına real şəkildə şahidlik etdi. Bir zamanlar həm sənaye, həm aqrar, həm də insan potensialı ilə bütövlükdə Qafqazın gözü sayılan bu bölgədə daş-daş üstə qalmamışdı. Torpaqların azad olunmasından sonra dünyada hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit siyasi durumu nəzərə alan analitiklər bu bölgədə böyük layihələrin həyata keçirilməsi bir yana, insanların məskunlaşmasını belə yaxın onillik üçün real görmürdülər. Zəfər savaşında xalqın müzəffər Ali Baş Komandanı kimi düşmənə “Dəmir yumruq” zərbəsini endirən və mükəmməl siyasi bacarıqla Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirən Prezident İlham Əliyev bu məsələdə də bütün bədbin proqnozları darmadağın etdi.

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, bu gün Füzuli və Zəngilan aeroportları bölgənin strateji nöqtələrindən biridir. Şuşa bütövlükdə Türk dünyasının siyasət və mədəniyyət mərkəzi rolunu oynayır. Hazırda şərqdən qərbə böyük tranzit yolun Azərbaycan hissəsinin tikintisi başa çatdırılıb. Zəngilanın Ağalı kəndi tam müasir tələblərə uyğun inşa olunub və burada azərbaycanlı ailələr məskunlaşıb. Bütün bunlar, sözün həqiqi mənasında, Zəfər savaşının qələbəsi qədər əhəmiyyətlidir və dövlətimizin qüdrətini təsdiqləyən faktlardır. Bu möcüzəyə bərabər yüksəlişin müəllifi, heç şübhəsiz, dövlət başçısı İlham Əliyevdir və işğaldan azad olunmuş ərazilərə Prezidentin müntəzəm səfərləri bu həqiqətin təsdiqidir.

O bildirib ki, mayın 28-də, Respublika Günündə də xalqımız və dünya daha bir əlamətdar hadisəyə şahidlik etdi. Belə ki, həmin gün Laçına ilk qayıdış həyata keçirildi və Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan bu torpağın əzəli və əbədi sakinləri ilə görüşdü. Dövlət başçısı “Böyük Qayıdış” Proqramının tərkib hissəsi olaraq evlərin vətəndaşlarımıza təqdim olunması mərasimində şəxsən iştirak etdi.

Kəlbəcərlə yanaşı Laçında görülən kompleks işlər böyük quruculuq prosesinin tərkib hissəsi kimi keçmiş qaçqın soydaşlarımızla bərabər hər birimizi duyğulandırdı. Belə ki, 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış , 9-u isə çoxmənzilli binadır. Səfər zamanı sakinlərlə görüşdə Prezidentin verdiyi mesajlar da xüsusi diqqət çəkirdi.

“Ölkəmizin başçısı qeyd etdi ki, torpaqlarımız işğal altında olduğu zaman bizə təzyiqlər, hədələr göstərirdilər ki, biz bu işğalla barışaq. Ancaq iradəmiz onların bütün planlarını alt-üst etdi. Münaqişədən əvvəl onlar beş rayonu bizə qaytarmaq, əvəzində iki rayonu əbədi nəzarətdə saxlamaq istəyirdilər. Amma biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bunu sübut etdik. Prezident bir daha bəyan etdi ki, bizim üçün Azərbaycanın hər qarış torpağı əzizdir, doğmadır və torpaqdan pay ola bilməz”, - deyə Rəşad Mahmudov bildirib.

Deputat sonda əlavə edib ki, Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfəri bir daha dövlətimizin hərbi, iqtisadi və diplomatik gücü kimi yadda qaldı. Bu səfər zamanı görülən işlərin təqdimatı və yeni layihələrin təməlinin qoyulması Azərbaycan Prezidentinin ölkəmizin regionun lider dövlət statusunu hər addımda möhkəmləndirdiyini göstərdi.  (AZƏRTAC)

Oxşar xəbərlər