19.10.2024, 06:24
AZ EN
07.03.2024, 16:08 175

8 kəndimizi necə azad edək: SÖZLƏ, YOXSA ZORLA...

XƏBƏRLƏR
  • Ermənistanla hökuməti şərti dövlət sərhədində yerləşən və "anklav ərazilər" adlandırılan 8 kəndi Azərbaycana qaytarmaqdan hər vəchlə yayınmağa çalışır. Son aylar ərzində sülh danışıqları prosesində ən çox müzakirə olunan mövzu məhz bu məsələ olsa da, hələ ki, ortada real nəticə yoxdur. Üstəlik Nikol Paşinyan başda olmaqla Ermənistanın rəsmi nümayəndələri işğal altında saxladıqları kəndlərin geri qaytarılması ilə bağlı fikirlərini tez-tez dəyişir, gah fərqli təkliflərlə çıxış edir, gah da həmin əraziləri azad etmək fikrində olmadıqlarını bəyan edirlər. Hətta erməni Baş nazir bu yaxınlarda Azərbaycanı guya 31 kəndi işğal altında saxlamaqda ittiham edərək tərəflər arasında uzun müddətdir davam edən danışıqlardan alver predmeti kimi bəhrələnmək istəyir.
 
Bəs, anklav ərazilərin geri qaytarılması ilə bağlı proses hara qədər uzanacaq? Ermənistan hökuməti həmin 8 kəndin azad edilməsini yubatmaqla hansı nəyə nail olmaq istəyir?
 
"Vətən səsi" xəbər verir ki, son vaxtlar ictimai müstəvidə ən çox müzakirələr məhz bu suallar ətrafında davam edir. Az qala hər gün mətbuat və sosial şəbəkərin əsas gündəmi məhz həmin 8 kəndin işğaldan azad edilməsi mövzusudur. Nəticəsiz danışıqlardan, çeynənmiş mövzulardan yorulan cəmiyyət bu kəndlərin də işğaldan azad olunacağına əmindir. Ya siyasətçilərin apardıqları danışıqlar vasitəsilə, ya da silah və qəhrəman hərbçilərimizin gücü ilə. Üçüncü variant yoxdur!
 
Dünən bu məsələ Milli Məclisdə də müzakirə olunub. Deputat Fəzail Ağamalı Ermənistanla sərhəddə yerləşən və hazırda işğal altında olan ərazilərdən danışarkən deyib ki, üç ildir həmin 8 kəndin azad edilməsi ilə bağlı davam edən sülh danışıqları nəticə vermirsə, ikinci variant, yəni güc yolundan istifadə qaçılmaz amilə çevrilir. O, Ermənistanın sülh danışıqlarını məqsədli şəkildə ləngitdiyini və Qərbdəki havadarlarının dəstəyi ilə intensiv şəkildə silahlandığını əsas gətirərək Azərbaycanın suveren ərazisi olan 8 kəndin geri qaytarılması üçün hərbi əməliyyatlara başlamağı təklif edib: "“Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq, onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan sadə vətəndaşa qədər hamı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirib işğalda olan 8 kəndimizi azad etməliyik".
 
Mövzunu şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da bildirir ki,
Ermənistan tərəfinin "anklav ərazilər" adlandırılan 8 kəndin qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda məqsədi vaxtı uzatmaqdır. Onun fikrincə, rəsmi İrəvan Fransa və Hindistandan aldığı silahlarla Azərbaycana qarşı güc tətbiq etmək və bununla işğal altında saxladığı 8 kəndin geri qaytarılması məsələsində hansısa dəyişikliyə nail olacağı iddiasındadır: "Ermənistan isə vaxtı uzadaraq özü üçün əlverişli şəraitin yaranacağına ümid edir. Hazırda Yunanıstan, Hindistan, Fransa və Ermənistandan ibarət dördlük formatında hərbi əməkdaşlıq koalisiyası formalaşdırılır. İran və Rusiya da bu prosesdə yer alır. İrəvan bu formatda Azərbaycanın kəndlərini əlində saxlayacağını düşünür. Amma Azərbaycan bu məsələdə uzun müddət gözləmək niyyətində deyil”.
 
Üzeyir Cəfərov Azərbaycanın 8 kəndin azad edilməsi ilə bağlı antiterror əməliyyatlarına başlayacağını da istisna etmir. Onun fikrincə, istər sülh danışıqları, istərsə də güc yolu olsun, Ermənistan istənilən halda həmin ərazilərdən öz qoşunlarını geri çəkməlidir: "Əslində bunu Ermənistan hakimiyyəti özü də anlayır və başa düşürlər ki, həmin kəndləri boşaltmalıdır. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, ermənilər bu kəndləri boşaltmaq üçün əl-ayağa düşüb. Amma proses çox ləng gedir və bu, daha çox Ermənistanın özünə ziyandır".
 
Xatırladaq ki, 1992-ci ildə Ermənistan ordusu Qazax rayonuna daxil olan 7, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun isə 1 kəndini işğal edib. Həmin kəndlərin ərazisi aşağıdakı kimidir:
Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Baganıs Ayrım - 40 kv. km,
Barxudarlı - 10.1 kv. km,
Sofulu - 22 kv. km,
Qızılhacılı - 11 kv. km,
Xeyrimli  - 4.1 kv. km.
Kərki (Naxçıvan MR) - 19.2 kv. km.

 
Elxan SALAHOV
Oxşar xəbərlər