24.07.2025, 00:57
AZ EN
23.07.2025, 14:35 247

Deputat: Həyata keçirilən layihələr Azərbaycanın qlobal əməkdaşlıqda vacib aktor kimi mövqelərini möhkəmləndirir

YAZILAR
  • Təxminən 30 il ərzində işğal altında qalan, viran qoyulan tarixi torpaqlarımızda bu gün böyük quruculuq işləri, nəhəng layihələr icra olunur. Eyni zamanda, Qarabağ, o cümlədən Şuşa və Xankəndi şəhərləri mühüm qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilir. Bu xüsusda, əlbəttə ki, artıq üçüncü ildir keçirilən Şuşa Qlobal Media Forumunu xüsusi qeyd etmək istərdim. Bu Forum media mənsublarına qlobal çağırışların, beynəlxalq gündəmin müzakirəsi ilə yanaşı, qısa müddət ərzində bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaq imkanı verən unikal platformadır.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə media nümayəndələri tərəfindən təqdim olunan çoxsaylı sualları dolğun şəkildə cavablandıraraq ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəhəng layihələrə, müxtəlif qlobal çağırışlara, bölgədə və dünyada baş verən hadisələrə dair ölkəmizin mövqeyini ifadə etdi”, - deyə deputat bildirib.

Dövlətimizin başçısının müəyyənləşdirdiyi hərtərəfli inkişaf strategiyasına uyğun olaraq, Azərbaycanın tərəqqi yolunda inamla addımladığını söyləyən Mircəlil Qasımlı diqqətə çatdırıb ki, ölkəmiz müasir çağırışlara uyğun olaraq informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsini əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu sahədə nüfuzlu beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri qurulub.

Parlamentari qeyd edib ki, Azərbaycan enerji keçidi dövründə bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırır. Dövlətimizin başçısının göstərişi ilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafı istiqamətində zəruri addımlar atılır. Eyni zamanda, müxtəlif beynəlxalq şirkətlər Azərbaycanda bərpaolunan enerji layihələrini uğurla icra edir. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi” layihəsi böyük perspektiv vəd edir.

Azərbaycanın həm regional, həm də qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi böyük nüfuz sahibi olduğunu söyləyən Mircəlil Qasımlı qeyd edib ki, Orta Dəhliz layihəsi bölgənin gələcək inkişafı üçün böyük imkanlar açır. Azərbaycan öz ərazisində müasir yol infrastrukturunu qurub və onun genişləndirilməsi istiqamətində önəmli addımlar atır. Dövlətimizin başçısının vurğuladığı kimi, bu sahəyə son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib.

“Azərbaycan strateji yerləşməsindən uğurla yararlanaraq, daha geniş coğrafiyanı əhatə edən layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya dəhlizləri vasitəsilə Avropa, Asiya və Mərkəzi Asiya ölkələrini birləşdirən körpü rolunu oynayır. Bu təşəbbüslər, regional iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, Azərbaycanın qlobal əməkdaşlıqda vacib aktor kimi mövqelərini möhkəmləndirir”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər