Bunu politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, dünyada cərayan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə qorunur.
"Azərbaycan dövləti üçün öz vətəndaşlarının təhlükəsizliyi hər zaman prioritet məsələdir. Bu gün regiona nəzər salsaq görərik ki, baş verən toqquşmalar, terror hadisələri heç də Azərbaycandan uzaqda yox, bizim qonşuluğumuzda baş verir. Azərbaycanda formalaşdırılan və qorunub saxlanılan təhlükəsiz mühit sabitlik və inkişaf üçün əsas amillərdən biridir", - deyə A.Qarayev əlavə edib.
Politoloq onu da vurğulayıb ki, artıq faktiki olaraq üçüncü dünya müharibəsi başlayıb.
"Cərayan edən hadisələrin təhlili göstərir ki, Azərbaycanın da qonşularının iştirakı ilə dünya yeni münaqişəli dövrə qədəm qoyub. Dünyanın bölünməsi və ayrıcı xətlərin cızılması prosesi davam edir. Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur.
Azərbaycanın tarixi zəfərindən və işğala son qoymasından sonra Cənubi Qafqazda sülh üçün əlverişli zəmin yarandı. Sülh təşəbbüsü ilə çıxış edən də məhz Azərbaycan oldu. Ermənistan müxtəlif yollarla bu prosesi ləngitməyə çalışır və bu gün regionda sülh istəməyən qüvvələr Ermənistan vasitəsilə yeni münaqişə ocağı yaratmağa çalışırlar", - deyə A.Qarayev qeyd edib. (Trend)