Tədbirin iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin ofisinin açılışında iştirak ediblər. Sonra Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Ardınca Qərbi Azərbaycan irsinə həsr edilmiş foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından olan sənədli videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər müxtəlif vasitələrlə azərbaycanlı əhalinin məhvinə çalışıblar. Ümummilli Lider za-man-zaman Qərbi Azərbaycan əhalisi haqqında fikirlərini səsləndirib, onların dəyanətini, Vətən sevgisini yüksək qiymətləndirib. Ulu Öndərin çıxışlarında hər zaman bu gün aktual olan Vətənə qayıdış məsələsi əksini tapıb. “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüş zamanı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış gününün yaxında olmasına əmin etdi. Xalqımız əmindir ki, Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaq”, - deyə o diqqətə çatdırıb.
Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasının I cildi nəşr edilib. “Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır”, - deyə Ə. Ələkbərli qeyd edib.
Digər çıxışçılar da bildiriblər ki, dədə-baba torpaqlarından zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri sırasındadır. Şanlı Zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub. (AZERTAC)