25.07.2025, 07:11
AZ EN
23.07.2025, 20:30 134

Bakıda Misirin milli bayramı münasibəti ilə rəsmi qəbul keçirilib

XƏBƏRLƏR
  • İyulun 23-də Bakıda Misir Ərəb Respublikasının milli bayramı – İyul İnqilabının 73-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbir Azərbaycan və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Doaa Abdelazeim Ahmed Şehata ölkəsinin Milli Gününün dost Azərbaycan torpağında qeyd olunmasından məmnunluğunu ifadə edib. Bildirib ki, son illərdə Azərbaycan–Misir münasibətləri dinamik inkişaf yolu keçib, dövlət başçıları səviyyəsində keçirilən qarşılıqlı səfərlər və görüşlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə dərinləşməsinə mühüm təkan verib.

Doaa Abdelazeim Ahmed Şehata Misir ilə Azərbaycanın regional və beynəlxalq məsələlərdə ortaq baxışlara malik olduğunu, bu əməkdaşlığın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda da uğurla davam etdiyini vurğulayıb. O, Misirin UNESCO-nun baş direktoru vəzifəsinə namizədinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib, bu dəstəyi xalqlarımız arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirib. Diplomat, həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla təşkil olunacağına əminliyini ifadə edərək, Misirin bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını əlamətdar gün münasibətilə təbrik edib, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs edib. Nazir bildirib ki, bu il Azərbaycan və Misir arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü qeyd olunur. O, iqtisadi əməkdaşlıqda artım tendensiyalarının müşahidə olunduğunu, ticarət dövriyyəsinin 2025-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Nəqliyyat və logistika sahəsində böyük potensialın mövcud olduğunu bildirən nazir Misirdən Mərkəzi Asiya ölkələrinə və Çinə, eləcə də əks istiqamətə yüklərin Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınması imkanlarının genişləndiyini deyib.

Sonra Misirin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub. (AZERTAC)

Oxşar xəbərlər