21.12.2024, 21:09
AZ EN
04.03.2024, 09:42 368

Ceyhun Məmmədov: "Azərbaycan və Almaniya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir"

XƏBƏRLƏR
  • "Azərbaycan davamlı inkişaf edən ölkədir. Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir". Bunu millət vəkili Ceyhun Məmmədov sosial şəbəkə hesabında ifadə edib. Deputat vurğulayıb ki, tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir: "Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti sürətlə inkişaf etməkdədir.

Dövlətimizin xarici siyasətində önəmli yer tutan məsələlərdən biri də dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulmasıdır. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır.

Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir.

Məlum olduğu kimi, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi.

 Prezidentimizin bu görüşdə toxunduğu ən önəmli məsələ sülh prosesi ilə bağlı idi. Azərbaycan ərazilərinin 20 faizi 30 il Ermənistanın işğalı altında olub. Onlar həmin əraziləri dağıdıblar, 1 milyona yaxın soydaşımızı məcburi köçkün vəziyyətinə düşməyə məcbur ediblər.

Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif yollardan istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.

Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul etdi. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Biz bilirik ki, bu Azərbaycan adına ləkə gətirmək üçün qəsdən atılmış bir addımdır. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür.

Prezidentin, bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmadığı təqdirdə,  Avropa Şurasından tamamilə çıxacağımız barədə düşünəcəyimizi çox ciddi şəkildə qeyd etməsi, bizim heç kəsdən asılı olmadığımızı bir daha göstərmiş oldu",- deyə C.Məmmədov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər