"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib. O, Paşinyanın Zəngəzur dəhlizi ifadəsinə qarşı əsəbi reaksiyasını seçkilərə hazırlıqla əlaqələndirib: “2026-cı il seçkilərindən sonra onun ritorikası kəskin şəkildə dəyişəcək. O bəyan edəcək ki, kimin idarə etməsinin heç bir fərqi yoxdur, əsas odur, ticarət inkişaf etsin”.
Xatırladaq ki, Nikol Paşinyan avqustun 8-də Vaşınqtonda əldə olunmuş razılaşmadan sonra beynəlxalq səviyyədə "Zəngəzur dəhlizi" ifadəsinin işlənməsinə qarşı çıxır. O, "Tramp yolu" və ya "TRIPP marşrutu" adlandırılan dəhlizlə bağlı mövzularda həm erməni siyasətçiləri, həm də beynəlxalq ekspertləri "TRIPP marşrutu" ifadəsini işlətməyə çağırıb. Baş nazir bir neçə gün əvvəl parlamentdəki çıxışı zamanı belə demişdi: “Qoy Azərbaycanda nə istəsələr desinlər. Bundan sonra onlar neçə dəfə ‘Zəngəzur dəhlizi’ desələr də, bilin ki, bu, Ermənistanla bağlı deyil. Razılaşdırılmış ad "TRIPP marşrutu"dur və mən hər kəsi bu ifadədəni işlətməyə çağırıram".
Analitiklər isə hesab edir ki, Paşinyanın bu sözləri əslində reallıqla barışmaq məcburiyyətindən işlədi. Çünki tarixi sənədlərə əsaslanaraq Azərbaycan və Türkiyə üçün həmin marşrutun adı hər zaman "Zəngəzur dəhlizi" olacaq. Rəsmi Bakı bu məsələ ilə bağlı Ermənistan rəsmilərinin hansı ifadəni işlətməsinə əhəmiyyət vermir və dəfələrlə vurğulayıb ki, Azərbaycanın strateji hədəfi Naxçıvan Muxtar Respublikasının ölkənin əsas hissəsi ilə əlaqəsini təmin edən kommunikasiyaların işlək olmasıdır.
Elxan SALAHOV