Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib.
“Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər.
Soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində indi yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu, o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. Qarabağı düşmən işğalından azad etməyimizdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan ruh yüksəkliyi bu fikri söyləməyimizə imkan verir. Bu bölgənin bütün nümayəndələri doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər”, - deyə deputat bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev öz xalqını, Vətənini və torpağını sevən ölkə rəhbəridir.
“Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan qalib ölkəyə çevrilib, uzun illər ermənilər tərəfindən işğala məruz qalmış torpaqlarımız özümüzə qaytarılıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə ermənilərin 30 illik işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün isə işğaldan azad edilən ərazilərimiz yenidən qurulub bərpa olunur, oraya Böyük Qayıdış həyata keçirilir. Vaxtilə öz doğma yurdlarından qaçqın düşmüş vətəndaşlarımızın mərhələli şəkildə yurdlarına qaytarılmasına başlanılıb. Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərimizin arzularını reallaşdırır və ermənilərin 30 ildə xaraba qoyduğu yurd yerlərimiz bərpa edilərək yenidən cənnətə çevrilir.
İndiki hədəfimiz isə tarixi torpağımız Qərbi Azərbaycana qayıtmaqdır”, - deyə deputat bildirib.
A.Badamov xatırladıb ki, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcması üçün inzibati binasında yaradılmış şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərək onların qarşısına mühüm vəzifələr qoydu.
“Əslində, bu vəzifələr qaçqınlarımızın doğma yurdlarına qayıtmaları üçün müəyyən olunmuş yeni hədəflərdir. Bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə tanıtmaq baxımından mərkəz rolunu oynayacaq. Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandallıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildiyini dünya ictimaiyyəti bilməlidir. Biz öz ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik”, - deyə A.Badamov əlavə edib. (Trend)