24.04.2025, 18:43
AZ EN
07.11.2024, 13:44 274

Papoyan: "Azərbaycanın və Ermənistanın belə maraqları varsa..."

XƏBƏRLƏR
  • "Sülh sazişi üzərində danışıqların davam etdiyi indiki şəraitdə Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya təhlükəsi yoxdur".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. O, bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülh qovşağı” adlandırdığı nəqliyyat və kommunikasiya xətlərinin açılması Azərbaycanla sərhəd zonasında eskalyasiya təhlükəsini aradan qaldıra bilər: "İndi müharibə qorxusu yoxdur, amma Azərbaycanla Ermənistanda narahatlıq doğuran bütün məsələləri aradan qaldırmağın yalnız bir yolu var: sülh müqaviləsini imzalamaq və nəqliyyat dəhlizləri ilə bağlı layihələrə başlamaq. Üstəlik, “Sülh qovşağı” siyasi alət deyil, Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən iqtisadi vasitədir. Əgər Ermənistan və Azərbaycanın belə iqtisadi maraqları varsa, nə burada, nə də orada müharibə haqda düşünəcəklər. Çünki həm Ermənistan, həm Azərbaycan, həm də hər iki ölkənin qonşuları, bütün böyük və kiçik dövlətlər pul qazanacaqlar”.

Papoyan əlavə edib ki, hələlik sülh müqaviləsinin nə vaxt imzalanacağı və bu prosesin nə qədər çəkəcəyi məlum deyil. Amma onun fikrincə, ümumi konseptual məsələlərə dair sənədi ən yaxın vaxtlarda razılaşdırmaq və imzalamaq mümkündür: "Məndə sülh müqaviləsinin imzalanacağı tarix barədə məlumat yoxdur. Amma heç bir maneə yaranmazsa, Ermənistan hazırdır, bir həftə ərzində sülh sazişinin imzalanmasını təşkil etmək olar. Ermənistanla Azərbaycan arasında müsbətə doğru gedən proses həm bizdə, həm də bütövlükdə hər iki ölkənin ictimai həyatında nikbin təəssüratlar yaradır. İnanıram ki, biz sülh müqaviləsini imzalamağa doğru gedirik. Sülh mətnindəki bütün məsələlər razılaşdırılsaydı, imzalanardı. Hələ də razılaşdırılmamış bəzi məsələlər var, amma razılaşdırılmaya yönəlik mübadilə davam edir. Ona görə də hazırda sərhəddə eskalasiya ehtimalı yox, demarkasiya olunmuş ərazilərimiz və irəliləyən sülh müqaviləsi prosesimiz var. Əgər müsbət proses varsa, bundan kənara çıxmaqda bir məntiq varmı? Fikrimcə, mövcud, ikitərəfli format yaxşıdır”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı danışıqlar 4 ildir davam etsə də, heç bir nəticə yoxdur. Paşinyan hökuməti Zəngəzur dəhlizinin açılması və Naxçıvan eksklavına sərbəst keçidin təmin olunması ilə bağlı rəsmi Bakının üçtərəfli bəyanatda razılaşdırılmış tələbini  qulaqardına vurur. Məhz Zəngəzur dəhlizi mövzusundakı fikir ayrılıqlarına görə həmin məsələ bu ilin avqustunda sülh sazişi layihəsindən çıxarılaraq növbəti mərhələyə saxlanılıb. Regional nəqliyyat yollarının açılması ilə məşğul olan üçtərəfli işçi qrup da demək olar ki, fəaliyyətini dayandırıb. Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrup son bir ildə hər hansı görüş keçirməyib. Oktyabrın 24-də Kazanda keçirilən BRİCS sammitində isə tərəflər Rusiyanın iştirakı olmadan kommunikasiyalarla bağlı məsələni ayrıca müzakirə ediblər. Amma nə Ermənistan, nə də Azərbaycan tərəfi müzakirələrin təfərrüatları barədə açıqlama verməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər