- Nikol Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının niyə Almaniyada görüşməsinə razı olduğuna aydınlıq gətirib.
"Vətən səısi" xəbər verir ki, bu barədə Ermənistan baş naziri parlamentdə deputatların sualına cavab olaraq deyib: “Niyə Almaniya? Çünki Almaniya Qranada dördtərəfli görüşünün iştirakçısıdır və 3 mühüm prinsip imzaladı".
Paşinyan həmin 3 prinsipin nədən ibarət olduğunu da açıqlayıb:
- Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı;
- Almatı Bəyannaməsi demarkasiya və delimitasiya üçün əsas olmalıdır;
- Regional kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalı, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərməlidir.
"Hər hansı vasitəçi bunu çərçivədən çıxarmağa cəhd edərsə, bu, Ermənistan üçün qəbuledilməzdir”, - deyə, Paşinyan əlavə edib.
Xatırladaq ki, ️Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dünən Almaniyada keçirilən görüş bu gün də davam edəcək. Dünən Mirzoyan və Ceyhun Bayramov əvvəlcə ikitərəfli, daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda görüş keçirib. Berlində təşkil olunan görüşlərdə Almaniyanın xarici işlər naziri deyib ki, tərəflər arasında birbaşa dialoq gələcək irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur.
Elxan SALAHOV