Biz onu da yaxşı bilirik ki, bu qətnamənin əsas təşəbbüskarı Türk və İslam dünyasına düşmənçiliyi ilə seçilən Fransadır deyən millət vəkili vurğulayıb ki, Fransanın hazırkı hakimiyyətini Fransanın dövlət maraqları deyil, erməni diasporuna verdikləri vədlər, aldıqları pullar düşündürür: "Bir Fransız siyasətçinin də dediyi kimi, bu gün Makron özünü Fransanın deyil, Ermənistanın Prezidenti kimi aparır.
Heç şübhəsiz ki, bu gün bölgədə sabitliyin pozulmasına, gərginliyin artmasına, sülh müqaviləsinin imzalanmamasına görə məsuliyyəti Ermənistan qədər onun havadarları da daşıyır. Məhz bu cür qətnamələr Ermənistanı yeni cinayətlərə sövq və təşviq edir, bölgəyə sülhün gəlməsinə ciddi mane olur.
Burada haqlı olaraq bir neçə sual yaranır. Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, günahsız insanları qətlə yetirəndə, burada vandalizm aktları törədəndə Avropa Parlamenti harada idi? Gəncə şəhəri, Tərtər və digər rayonlarımız ermənilər tərəfindən bombalananda, günahsız insanlar həlak olanda harada idilər?
Bəs torpaqlarımız işğaldan azad olunandan sonra məscidlərimizin dağıdılması, qəbirlərimizin göreşən kimi eşilməsi, ərazilərimizin minalanması ilə bağlı Avropa Parlamenti niyə qətnamə qəbul etmədi? Bütün qeyd olunanlar bu qətnamənin ədalətsiz və qərəzli olduğunu bir daha göstərir.
Əgər bu qətnaməni qəbul edənlər düşünürlərsə ki, bu cür addımlarla Azərbaycanın yaratdığı yeni reallığı dəyişə biləcəklər, Azərbaycanın mövqeyinə təsir edə biləcəklər yanılırlar. Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində sona kimi öz haqlı mövqeyini müdafiə edəcək",-deyə deputat vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ