Statistikaya görə, indiyədək Azərbaycan dilində təhsil alan tələbə sayı 200 nəfər idisə, bu il bu rəqəm iki dəfə artırılaraq 400 nəfər olub.
Gürcüstanın təhsil, elm və gənclər naziri müavini Zviad Gabisonia bildirib ki, yeni 3+1 təhsil modeli çərçivəsində bakalavr proqramı 3 il, magistratura isə 1 il davam edəcək.
"Tələbələr 3 il ərzində öz ixtisaslarını dərindən mənimsəyəcək, sonra isə sürətlə karyeralarını qurmağa başlayacaqlar. Magistratura pilləsində isə həm təhsil, həm də iş təcrübəsi qazanmaq mümkündür," - deyə o qeyd edib.
Z.Gabisonia əlavə edib ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlıq tələbə və professor mübadiləsi, akademik təcrübənin paylaşılması və strateji araşdırmaların aparılmasını nəzərdə tutur. Bu proqramlar dövlət tərəfindən maliyyələşdiriləcək, ilkin mərhələdə iki və ya dörd ixtisası əhatə edəcək.
Qeyd olunur ki, indiyədək Azərbaycan dilində təhsil alan tələbələr imtahanlarını ana dillərində verə bilirdilər və dövlət onların təhsil haqqını tam maliyyələşdirirdi. Yeni modeldə isə bu imkanlar qorunmaqla, tələbələr həm də 1 il ərzində gürcü dilini öyrənmək üçün əlavə kurslara da cəlb olunacaqlar. (Report)