Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün Almaniyanın paytaxtı Berlində görüşəcəklər. Ceyhun Bayramov erməni həmkarı ilə görüşmək üçün artıq Almaniyaya işgüzar səfərə yola düşüb.
"Vətən səsi" xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçirəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirib. O, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da xüsusi vurğulayıb.
Xatırladaq ki, Ceyhun Bayramov və Mirzoyan sonuncu dəfə 8 ay əvvəl, ötən ilin iyununda Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar aparıblar. Ötən ilin oktyabrında Tehranda "3+3" formatında çərçivəsində keçirilən görüş zamanı da tərəflər sülh razılaşması barədə danışıblar. Bundan əvvəl Brüssel platforması çərçivəsində də Azərbaycan və Ermənistan arasında bir neçə yüksək səviyyəli görüşlər keçirilib. Fransa isə bir neçə dəfə iki ölkə arasında danışıqlarda vasitəçi kimi iştirak etməyə cəhd göstərsə də açıq-aşkar İrəvanın tərəfini tutduğundan bu, baş tutmayıb.
Bəs, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə keçirilən indiyəqədərki görüşlərin real nəticələr vermədiyi, Parisin isə tərəf tutduğu halda Berlin ipə-sapa yatmağan və müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışan Ermənistan sülhə razı sala biləcəkmi?
Politoloq Cümşüd Nuriyev hesab edir ki, Brüssel və Vaşinqtonun vasitəçiliyi ilə indiyədək aparılan danışıqlarda ciddi nəticəyə nail olunmaması Berlin platformasının da uğurlu olacağını şübhə altına qoyur. Onun sözlərinə görə, bu gün keçirilən görüş Berlinin prosesə vasitəçi kimi daxil olduğunu bir daha təsdiq edir: "Bu, artıq Almaniyanın vasitəçiliyi ilə keçirilən ikinci görüş olacaq. Bu mənada böyük irəliləyiş olmasa da, hər halda müəyyən gözləntilər var. Bundan əvvəl Brüssel və Vaşinqton platformaları vardı, amma uğurlu olmadılar. Ona görə də Berlinin vasitəçilik məsələsini proqnozlaşdırmaq bir qədər çətindir. Amma Berlin İrəvanın qarşıdurmaya aparan siyasətinə müdaxilə edib Paşinyan hökumətini reallıqlara uyğun addımlar atmağa vadar edə bilər. Bu mənada Berlindəki görüşdə hansısa razılıq əldə olunması mümkündür. Çünki Ermənistan baş naziri, parlament sədri, xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi bəyan ediblər ki, Azərbaycanla sülh üzrə çərçivə sazişi imzalamağa hazırdırlar. Bu baxımdan, ilkin razılaşma ola bilər".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ceyhun Baramovun uzun fasilədən sonra erməni həmkarı ilə Almaniyada görüşməsi ən azından Ermənistanla Azərbaycandakı siyasi gərginliyi azaldacaq. Onun sözlərinə görə, Ermənistan parlamentinin sədri Alen Simonyanın da Berlində keçiriəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirməsi son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmağa xidmət edir: "Ancaq Ermənistan rəsmilərinin bu cür açıqlamaları ortadakı gərginliyi aradan qaldırmayacaq. Vəziyyəti yumşaltmaq üçün Ermənistan sülh danışıqları prosesində real addımlar atmalıdır. Real addımlar isə hələ yoxdur".
Elxan Şahinoğlu bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim partiyanın deputatları ilə keçirdiyi qapalı toplantıda Azərbaycan prezidenti İlham Əliyevlə Münhen görüşündə nəticə əldə edilmədiyini söyləməsi Almaniyanın vasitəçiliyinin də səmərəsizliyinə işarədir: "Əslində Münhen görüşü müsbət nəticəyə hesablanmamışdı, həmin müzakirə gərginliyi azaltmaq üçün hədəflənmişdi. Ancaq Paşinyanın Münhendən dərhal sonra Parisə çağrılması və Fransadan alacağı yeni hərbi texnika, üstəgəl sərhəddə atəşkəsin pozulması hallarının artması Almaniyadakı müzakirələri heçə endirdi. Bu dəfə də belə olacaq, xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək".
Elxan SALAHOV