Azərbaycan Televiziyasının “Həftə” proqramında bu hədyan danışıqlara, haqsız iradlara cavab olaraq bir daha acı reallıqlara, ermənilərin bu cür havadarları ilə başımıza gətirdiyi müsibətlərə güzgü tutulur. Kimin haqsız, kimin haqlı olduğu bir daha diqqət mərkəzinə gətirilir.
Göstərilir ki, qışın oğlan çağında Qərbi Azərbaycandan öz ata-baba yurdundan didərgin salınıb dəmirdən vaqonlara sığınan qaçqınlardı əsl reallıq. Görəsən bu gün özünü ədalət müdafiəçisi hesab edən şəxslər bircə gün bu dəmir vaqonun içində qala bilərlərmi? Lakin evindən didərgin düşən qaçqınlara rahatlıqla biganə qala bildilər. Özü də, bütün həqiqətlər gözlərinin önündə ola-ola...
Təkcə bir ildə Qərbi Azərbaycan İcmasından Avropa İttifaqına, YUNESKO-ya, Birləşmiş Millətlər Təşkilatına və daha neçə beynəlxalq təşkilata saysız məktublar göndərilib. İstər video, istərsə də foto faktlar göstərilib.
Qərbi Azərbaycanda onlarla Xocalı hadisəsi törədilib
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirir ki, Qərbi Azərbaycanda bizim nəinki kəndlərimiz, rayonlarımız var ki, tamamilə yer üzərindən silinib. Bunu mən bir fakt kimi İrəvan çuxurundakı Qarabağlılar rayonunun timsalında göstərə bilərəm. Bu rayon 1948-1953-cü illərdə sonuncu adamına qədər köçürülüb və o rayonun 36-ya yaxın kəndi indi tamamilə xarabaya çevrilib. Biz o ərazidə dağıdılmış mədəni irs nümunələrimizin həm peyk görüntülərini, həm əvvəlki dağıdılmamış, həm də sonrakı görüntülərini masa üzərinə qoyuruq.
Hər zərrəsində azərbaycanlılarn bir izi olan məhlələr indi viran qalıb. Buradakı məscidlərimizdən, tarixi abidələrimizdən söhbət belə gedə bilməz. Geriyə yalnız daş qırıqları, bir də sökük divarlar qalıb.
Bizim 500-ə yaxın qəbiristanlıqlarımız qalıb ki, bunun 90 faizi yer üzündən silinib. O qəbiristanlıqların ortasından asvalt yollar çəkilib. Hətta bəzi məzarlıqlar dağıdılaraq ortasında kilsə tikilib. Bu faktlar hamısı bizim əlimizdədi. Hətta hansı ildə, hansı texnika ilə dağıdıldıqlarını da biz texnologiyanın indiki imkanları ilə masa üzərinə qoyuruq.
Bəli, biz məzara belə qənim kəsilənlərə gözün üstə qaşın var, deməyənlərdən danışırıq. Qərbin 30 ildən çox Ermənistana heç bir təzyiq göstərməməsi fonunda isə kiçik bir xatırlatma etmək istəyirik.
2023-cü il yanvar-oktyabr ayları Ukraynaya ümumi yardım olaraq 103,3 milyard dollar ayrılıb. Paralel olaraq pensiyaların, müavinətlərin, müharibədən əziyyət çəkən evsiz qalan insanlara ehtiyaclarının qarşılanması üçün dövlət büdcəsinə 40 milyard dollara yaxın vəsait ayrılıb.
Qərbdən şərqə ədalət, bərabərlik çağırışları edən kəslər bəs hansı əsaslarla ölkələr, insanlar arasına uçurum qədər fərq qoyur? Axı gözdən axan yaşın, bir körpənin titrəyən əllərinin miliyyəti, dini mənsubiyyəti olurmu? Bəlkə insan haqqları regiona görə dəyişir, xəbərimiz yoxdur?...
Halbuki güzgüyə baxsaydılar özlərində nəinki insan haqları, insanlıqdan əsər belə görməzdilər. Lakin onların xislətində vicdan qalmasa da belə yer üzündə insanlığın ölmədiyinə ümid edirik.
Avropa insanı ermənilərin gerçək sifətini tanımalıdır
Əziz Ələkbərli: “Beynəlxalq İnstitutlar, eyni zamanda dövlətlər ermənilərin son 200 ildə burada törətdiyi müsibətləri qulaqardına vursalar, olanları görməzdən gəlsələr də Avropa insanı bunu görməlidir, dərk eləməlidir. Avropa insanı ermənilərin gerçək sifətini tanımalıdır və öz siyasi liderlərinə təsir göstərməlidir”.
Bəli müəyyən təşkilatların, qütblərin ədalət tərəzisi öz maraqlarına uyğun işləyir. Bir gün ağır gələn, başqa gün yüngül gələ bilir. Amma həqiqi ədalətin bərqərar olmaq kimi bir xüsusiyyəti var. Biz isə bunu real həyatda görən xoşbəxt insanlarıq. Yəni bu haqsızlığa bütün dünya gözünü bağlasa belə azərbaycanlı qaçqınlar bir gün öz minik avtomobilinə oturub Zəngəzura, öz ata-baba yurdlarına yollanacaqlar. Həmin gün heç bir “tribuna”da sülhün bərqərar olduğu Cənubi Qafqazdan söhbət belə gedə bilməyəcək.
Hazırladı: Mina RƏŞİD