21.09.2024, 09:41
AZ EN
22.01.2024, 17:21 207

Deputat: Azərbaycanın hər hansı beynəlxalq qurumu seçkiləri izləməyə dəvət etməklə bağlı öhdəliyi yoxdur

XƏBƏRLƏR
  • Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumdakı Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupunun ilk iclası keçirilib.

Qrup iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Azərbaycana qarşı göstərilən təzyiqləri kəskin şəkildə qınayıb. O bildirib ki, sessiyanın elə ilk günündə Avropa Şurasında qurumun mövcud qaydalarına zidd olaraq, eləcə də bəzi prosedurlar təhrif edilərək Azərbaycan nümayəndə heyətinə təzyiq cəhdləri mövcuddur. “Belə qərəzli münasibət təsadüfi deyil. AŞPA Bürosunun toplantısında Azərbaycanın bu qurumda səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi qaldırılıb. Bu, guya Azərbaycanın Avropa Şurası ilə kifayət qədər fəal əməkdaşlıq etmək istəməməsi, hansısa məruzəçinin ölkəyə gələ bilməməsi, Avropa Şurası missiyasının Azərbaycanda keçiriləcək seçkilərə dəvət edilməməsi ilə əlaqələndirilib. Bu və bu qəbildən olan digər iradların heç bir əsası yoxdur. Azərbaycanın hər hansı beynəlxalq qurumu, o cümlədən Avropa Şurasını seçkilərə dəvət etməklə bağlı öhdəliyi yoxdur. Əslində, Azərbaycanda fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərinə müxtəlif beynəlxalq təşkilatlar dəvət edilib. Amma məncə, başqa qurumlardan fərqli olaraq, Avropa Şurasının niyə dəvət edilməməsinin səbəbləri haqqında qurumun özü düşünməlidir. Səbəb məhz indiyədək ölkəmizə qarşı aparılmış ikili standartlara əsaslanan yanaşma, qeyri-obyektiv münasibət, müxtəlif qərəzli addımlardır”, - deyə R. Hüseynov vurğulayıb.

Deputat bildirib ki, bütün deyilənlər, əslində, bəhanədir. Azərbaycana qarşı indi göstərilən təzyiqin səbəbi tamam başqadır. Səbəb Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərini nəhayət azad etməsidir. Səbəb müəyyən qüvvələrin Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməməsidir.

“Təəssüf ki, bu məsələdə Fransa ən çox canfəşanlıq edən qüvvələrdəndir. Uzun müddət ATƏT-in Minsk qrupunda Azərbaycan-Ermənistan münaqişəsinin həllinə məsul həmsədrlərdən biri olmuş Fransa bu gün sülh razılaşmasını əngəlləmək üçün ciddi cəhdlə çalışır. Fransa dövlət səviyyəsində Ermənistanı münaqişəni yenidən alovlandırmağa təşviq edir, bu ölkəni silahlandırmaqla Cənubi Qafqazda yeni təhlükələrə meydan açmaq istəyir”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

O qeyd edib ki, deyilənlərin əksinə olaraq, Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Bu yaxınlarda Avropa Şurasının Baş katibi və Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycanda səfərdə olub, yüksəksəviyyəli görüşlər keçiriblər. Bunlar əməkdaşlığın bariz nümunəsidir. “Azərbaycana qarşı belə münasibətin əsas məqsədi kənar qüvvələrin, ilk növbədə, Fransanın təsiri ilə ölkəmizə mümkün qədər daha güclü təzyiqin göstərilməsidir. Lakin bu, əsla düzgün yol deyil və biz belə münasibəti rədd edirik. Avropa Şurası dialoq platformasıdır, ancaq burada qərəzli məqsədlərlə, əslində, Avropa Şurasının özünə, bir təşkilat olaraq onun fəlsəfəsinə zərbə vurulur”, - deyə deputat əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər