Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.
Komissiyasının sədri İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.
Komissiya sədri İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan tarixi qələbə, ölkə Prezidentinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağının ucaltması və bununla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bölgədə yaranmış yeni reallıqlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə Toponimiya Komissiyasında baxıldığını və müvafiq qərarların qəbul edildiyini söyləyib.
Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu bildirib. O, qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.
Məsələ ətrafında aparılan müzakirələrdə Toponimiya Komissiyasının sədr müavini Sevinc Fətəliyeva, Komissiyanın üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Sabir Rüstəmxanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Möhsün Nağısoylu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Akif İmanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elşad Abışov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.
İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.
Tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər. (Report)