"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti tərəfindən bəyan edilmiş sənəd layihəsində bildirilir. Yeni qaydalara əsasən, Ermənistan vətəndaşları Rusiyaya yalnız aşağıdakı sənədlərlə daxil ola biləcəklər: Ermənistan Respublikası vətəndaşının pasportu və diplomatik pasport. Erməni vətəndaşları pasportu itirdiyi halda onların Rusiyadan çıxış yalnız "geri dönmə" şəhadətnaməsi təqdim edildikdə mümkün olacaq.
Bundan başqa, Ermənistan vətəndaşı olan uşaqların da doğum şəhadətnaməsi və ya valideynin pasportunda qeyd əsasında sərhədi keçməsi mümkün olmayacaq. Bu isə o deməkdir ki, erməni valideynlər və qanuni nümayəndələr Rusiyaya getməmişdən əvvəl uşaqlar üçün ayrıca xarici pasport almalıdır.
Hazırkı sazişin əvvəlki redaksiyasına görə, Ermənistan vətəndaşları həmçinin 16 yaşına qədər uşaqlar üçün doğum şəhadətnaməsi, hərbi xidmətdə olanlar və bəzi hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları üçün şəxsiyyət vəsiqəsi, hava nəqliyyatında təyyarə bələdçiləri və ekipaj üzvü üçün uçuş şəhadətnaməsi və dəmiryolu işçilərinin şəxsiyyət vəsiqəsi ilə də Rusiyaya daxil ola bilərdilər.
Xatırladaq ki, yeni qaydalar Rusiya tərəfindən sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının vahid sistemə salınması məqsədi daşıyır. Bu qaydalar 2026-cı ilin yanvarından tətbiq olunur.
Elxan SALAHOV