Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, bu gün ölkəmizin hər yerində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunur. Silahlı Qüvvələrimiz 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində bizə şanlı Qələbə yaşatdı, 30 il işğalda qalan torpaqlarımızı azad etdi. İcra başçısı, həmçinin diqqətə çatdırıb ki, bu gün eyni zamanda, Qafqaz İslam Ordusunun 1918-ci ildə Gəncədə qəhrəmancasına şəhid olan 13 mehmetciyinin xatirəsinə həsr olunan abidənin açılışıdır. Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir.
Səfir Cahit Bağçı çıxışında bildirib ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Bu münasibətlərin əsasında tarixi bağ dayanır. O qeyd edib ki, Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 mehmetciyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cahit Bağçı sözügedən ərazidə ucaldılan möhtəşəm abidənin hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər Azərbaycan və Türkiyə arasındakı tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri gündən-günə güclənir, möhkəmlənir və daha da dərinləşir.
Çıxışlardan sonra din xadimləri Kamran Məmmədov və Zeki Yavuzyılmaz şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra abidənin üzərindən ağ örpək götürülüb və önünə tər güllər düzülüb.
Mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında “Mehtər Marşı” və “Nuru Paşa Marşı” təqdim olunub.
Bununla yanaşı, mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk tərəfindən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman mehmetciyin xatirəsinə ucaldılan abidənin inşasında əməyi keçənlərə təşəkkürnamələr verilib.
Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir. (AZƏRTAC)