23.12.2024, 17:30
AZ EN
09.11.2024, 19:05 159

Deputat: Ermənistanı sülh tərəfdarı kimi göstərmək riyakarlıqdır

XƏBƏRLƏR
  • Ermənistanı demokratik və sülh tərəfdarı kimi təqdim etmək riyakarlıqdır və bu baxımdan, Vaşinqton xüsusi fəallıq göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputatın sözlərinə görə, parkın açılışı zamanı dövlət başçısı xalqa müraciətində mühüm mesajlar verib: “Azərbaycan regionda sülhün bərqərar olmasına tərəfdar olsa da, müəyyən beynəlxalq güclər bunu istəmir. Ona görə də, Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırmağa və bu ölkəni yeni müharibəyə hazırlamağa çalışır. Ermənistanın silahlanmasında isə əsas rolu Fransa oynayır”.

F. Yıldırım əlavə edib ki, Hindistan da bu prosesdə fəal iştirak edir: “Paradoksal hal odur ki, bəzi Qərb ölkələri işğalçı Ermənistanı dünyada sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Halbuki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib, xalqımızı soyqırımına məruz qoyub. Belə bir ölkəni demokratik və sülh tərəfdarı kimi təqdim etmək ən azı riyakarlıqdır. Bu baxımdan, ABŞ administrasiyası xüsusi fəallıq göstərir”.

O, “Bayden administrasiyasının anti-Azərbaycan siyasətinin ən pik həddə çatdığını” təsadüfi hesab etmir.

“Demokratik Partiyanı təmsil edən Konqres üzvlərinin, eləcə də Dövlət Departamentindəki ermənipərəstlərin Azərbaycana qarşı hücum kampaniyası bunu deməyə əsas verir. Proseslər göstərir ki, bu gün Ermənistanı, Fransanı hətta Hindistanı Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyasıdır”, – o qeyd edib.

Ermənistanı silahlandıran ölkələr sırasında Hindistanın bu gün BMT Təhlükəsizlik Şurasına üzvü olmaq istədiyini deyən Fatma Yıldırımın fikrincə, militarizasiya siyasəti həyata keçirən, yeni münaqişə ocaqları alovlandırmağa çalışan bu ölkənin bu cür mühüm bir qurumda təmsil olunması ədalətli deyil.

“Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə bizimlə təzyiq dilində danışa bilməz. Onların dəstək verdiyi Ermənistan ölkəmizə qarşı hansısa təxribatlara cəhd edərsə, yenə də layiqli cavablarını alacaq”, – deputat vurğulayıb. (Report)

Oxşar xəbərlər