19.11.2025, 22:07
AZ EN
29.10.2025, 12:46 152

Ermənistan "Qarabağ klanı"nın təsirindən çıxır

XƏBƏRLƏR
  • Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca revanşizm və "Qarabağ klanı"nın manipulyasiyalarına əsaslanan keçmiş ritorikadan imtina olunur. Hazırda cəmiyyətin diqqət mərkəzində sülh, sabitlik və inkişaf dayanır ki, bu da yenilənməyə və praqmatik gələcəyə olan ictimai tələbi əks etdirir.

"Vətən səsi" xəbər verir ki, bunu erməni jurnalist və bloger Roman Bağdasaryan 1news.az-a müsahibəsində bildirib. O, qüeyd edib ki, Paşinyandan əvvəlki liderlər, yəni “Qarabağ klanı” uzun illər korrupsiya sxemləri, dövlət vəsaitlərinin mənimsənilməsi və “Qarabağ məsələsinin” istismarı hesabına mövcud olub. İndi isə gündəlik dəyişib: "Söhbət təkcə qonşu dövlətlərin daxili işlərinə qarışmamaqdan, onların ərazi bütövlüyünü tanımaqdan və süni gəlir mənbələri hesabına deyil, öz zəhməti ilə yaşamaq zərurətindən gedir. Bu baxımdan, Ermənistanın indiki siyasi atmosferi kifayət qədər təbii, rasional və aydın görünür".

Azərbaycanla sülh məsələsinə gəlincə, erməni jurnalist deyib ki, Ermənistan əhalisinin təxminən 85–90 faizi sülhə hazırdır. Onun sözlərinə görə, Ermənistandakı müxalif qüvvələrin aydın proqramı və konstruktiv gündəliyi olmadığından böyük əksəriyyət hazırkı baş nazir Nikol Paşinyanı dəstəkləyir: "Müxalifətin ritorikası əhalinin çoxluğu üçün anlaşılmazdır və xalq bu təxribatçı şüarlara uymur. Ermənistanla Azərbaycan üç onillikdən artıq müharibə vəziyyətində olub, hər iki tərəfdən çoxlu insan həyatını itirib. Bu qədər faciədən sonra dərhal etimad münasibəti qurmaq mümkün deyil. İnsanlar qorxur, çoxu vəziyyəti dərin təhlil etmək imkanına malik deyil və onilliklər boyu təbliğatın təsiri altında yaşayıb, emosiyalarla hərəkət edir".

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfərini müsbət qiymətləndirən Roman Bağdasaryan hesab edir ki, bu cür görüşlər tez-tez keçirilməlidir. Onun fikrincə, bu, ölkələr arasında etimadın möhkəmlənməsi üçün vacib amillərdəndir. Dialoq mühüm faktdır, bu, sərhəddə dayanıb bir-birini yalnız media və şayiələr vasitəsilə tanımaqdan qat-qat yaxşıdır. Əminəm ki, bu kontaktlar öz bəhrəsini verəcək".

Elxan SALAHOV

Oxşar xəbərlər