"1999-cu ildə Ermənistan özünün Mehri rayonunun “Dağlıq Qarabağ Muxtar Vilayəti” müqabilində Azərbaycana verilməsini müzakirə edib. Bu, Qarabağ problemini həll edəcək yeganə təklif idi”.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. O, bildirib ki, həmin vaxt ATƏT-in İstanbul sammiti zamanı ərazilərin mübadiləsi ilə bağlı sənəd dövriyyədə olub: “Sözügedən sənəd qüvvəyə mindikdən dərhal sonra “Dağlıq Qarabağ Muxtar Vilayəti”, Şuşa və Laçın rayonları 1988-ci il sərhədləri daxilində Ermənistan Respublikasına, Mehri rayonu isə Azərbaycana verilirdi. Ermənistan 60 gün ərzində Mehridən qoşunlarını çıxarmalı, bu bölgədə münaqişədən zərər çəkmiş Azərbaycan vətəndaşları məskunlaşmalı idi".
Paşınyan Mehrinin Qarabağla dəyişdirilməsi planlarını arxivdən çıxardıb. O, bildirib ki, 1999-cu ilin İstanbul sammiti ərəfəsində belə bir plan tərəflərə təqdim olunduğu sənədlərdə əksini tapıb: "Hətta həm Azərbaycan, həm də Ermənistan tərəfdən bu təklifə müsbət yanaşmalar vardı. Lakin həmin dövrdə Ermənistan parlamentində qırğın baş verdi, parlamentin sədri və başqa bir neçə nəfər öldürüldü. Bundan sonra ərazi mübadiləsi məsələsi bir də 2001-ci ilin aprelində ABŞ-ın Ki-Uest şəhərində masaya qoyulub. ABŞ bir neçə gün ciddi şəkildə təzyiq göstərdi ki, Azərbaycan bu planı qəbul etsin. Planın mahiyyəti ondan ibarət idi ki, yenə də “Dağlıq Qarabağ” və Laçın Ermənistana verilir, bunun qarşılığında Ermənistan öz ərazisinin bir hissəsini Azərbaycana verməli idi. Ancaq burada ərazi mübadiləsinin hansı əsaslarlar və ölçülərə uyğun aparılacağı müəyyənləşməmişdi. Lakin bir şey dəqiq idi ki, Azərbaycan Prezidenti İlham Əliyev kəskin şəkildə bu plana qarşı çıxmışdı. Ki-Uest görüşlərinin uğursuz başa çatmasının əsas səbəbi Azərbaycanın bu planı qəti şəkildə rədd etməsi olmuşdu".
Paşinyan bir daha vurğulayıb ki, Qarabağ münaqişəsi ilə bağlı 30 ilə yaxın aparılmış danışıqlarda "Madrid prinsipləri" də daxil heç bir variant problemin həllini nəzərdə tutmayıb. Qarabağın statusu məsələsinin müsbət həll variantı isə ümumiyyətlə, heç vaxt danışıqlar masasında olmayıb: "Hər iki tərəfin müsbət qarşıladığı yeganə həll variantı 1999-cu ildə təklif edilmişdi. Qarabağla Mehri bölgəsinin dəyişdirilməsini nəzərdə tutan bu variant Ermənistan ictimaiyyətində heç bir narazılıq yaratmamışdı. Sadəcə parlamentdəki məlum hadisələrdən sonra bu məsələ bir daha açıq şəkildə müzakirə olunmadı".
Xatırladaq ki, Paşinyanın gündəmə gətirdiyi ərazilərin mübadiləsi variantı, yəni Qarabağ bplgəsi ilə Ermənistanın Mehri rayonunun dəyişdirilməsi erməni Baş nazirin dediklərinin əksinə olaraq, Azərbaycan tərəfindən də razılıqla qarşılanmamışdı. Məhz buna görə də həmin plan son nəticədə İstanbul sammitində müzakirə olunmayıb.
Elxan SALAHOV