Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər ki, konfransın açılış mərasimində çıxış edən Tereza Mey yaşıl enerjinin ekoloji və iqtisadi faydalarından bəhs edib və ölkəsinin sıfır emissiya məqsədi istiqamətində gördüyü işlər və planlarından söhbət açıb. O, ölkələri COP28-də qəbul olunmuş qərarları vaxt itirmədən icra etməyə çağırıb.
Tədbir çərçivəsində “Gələcək COP tədbirləri üçün ambisiyalar nələrdən ibarət olmalıdır” mövzusunda panel iclasında çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməklə bağlı namizədliyini Şərqi Avropa qrupundakı digər ölkələrlə yanaşı, Ermənistanın da dəstəkləməsi tarixi hadisədir. Bunun iki ölkə arasında birbaşa ikitərəfli danışıqlar nəticəsində mümkün olduğunu vurğulayan E.Süleymanov yaşıl enerjiyə keçidlə bağlı səylərin regionda davamlı sülhə də töhfə verməsinin sevindirici olduğunu əlavə edib. O qeyd edib ki, Azərbaycanın namizədliyini Ermənistan da daxil olmaqla Şərqi Avropa qrupuna daxil olan bütün ölkələrin yekdilliklə dəstəkləməsi ölkəmizə göstərilən etimadın nəticəsidir. Bu, həm də təkcə Azərbaycanın deyil, bütün regionun uğurudur və Azərbaycan COP tədbirinin növbəti ev sahibi kimi bütün regionu təmsil edəcəkdir.
Səfir nəzərə çatdırıb ki, Azərbaycan alternativ enerjiyə keçid səylərinə görə regionda liderdir və bu istiqamətdə fəaliyyətləri gün keçdikcə artırır. Azərbaycanın 2019-cu ildən etibarən 120 üzv ölkənin üzv olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi ölkəmizin çoxsaylı tərəflərin maraqlarını bir nöqtədə birləşdirməyə və konsensus əldə etməyə qadir olduğunun göstəricisidir.
Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı atdığı konkret addımlardan bəhs edən E.Süleymanov söyləyib ki, inkişaf etməkdə olan ölkələrin zəruri texnologiya və investisiyalara çıxışının təmin olunması COP çərçivəsində qoyulan hədəflərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edir. Diplomat Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan ölkələrin COVID-19 pandemiyası əleyhinə vaksinlərə ədalətli çıxışının təmin edilməsi istiqamətində uğurlu təcrübəsini nümunə gətirərək vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində digər məsələlərlə yanaşı, inkişaf etməkdə olan ölkələrin zəruri texnologiyalarla təmin olunması məsələsini irəli apara bilər. Səfir COP29 tədbirinə ev sahibliyi edəcək Azərbaycanın prosesə müsbət töhfə vermək və tədbiri uğur hekayəsinə çevirmək üçün bütün tərəfdaşlarla işləməyə hazır olduğunu diqqətə çatdırıb.
Həmin panel iclasında çıxış edən Britaniyanın birlik ölkələri, enerji, iqlim və ətraf-mühit məsələləri üzrə sabiq naziri Lord Qoldsmit biomüxtəliflik, təbiətin qorunması və canlandırılması kimi məsələlərə diqqət çəkərək, bu istiqamətdə Azərbaycanın ev sahibliyi ilə keçiriləcək növbəti COP tədbirində konkret addımların atılmasının arzuedilən olduğunu deyib.
Çıxış edənlər COP28 tədbirinin yekununda qəbul olunmuş sənədlərdə ənənəvi yanacaq vasitələrindən keçid məsələsi barədə razılıq əldə olunmasını mühüm irəliləyiş kimi qiymətləndiriblər. Çıxışlarda, həmçinin gələcək COP tədbirlərində prosesə özəl sektorların cəlb edilməsinin, təbiət və biomüxtəlifliyin qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanmasının vacibliyi vurğulanıb. İqlim dəyişikliyinin qarşısının alınması üçün ən vacib amilin indiyədək keçirilən tədbirlərdə qəbul edilmiş qərarların icrasından birbaşa asılı olduğunu söyləyən natiqlər Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 tədbirindən bu istiqamətdə müsbət gözləntilərin yüksək olduğunu bildiriblər.
Tədbirin sonunda çıxış edən Ed Miliband Britaniyanın prosesə sadiqliyinə diqqət çəkib və qeyd edib ki, Azərbaycanda keçiriləcək tədbir də daxil olmaqla növbəti iki il ərzində həyata keçiriləcək işlər iqlim dəyişikliyinin qarşısının alınması üçün dövlətlər tərəfindən müəyyənləşdirilmiş hədəflərə çatılması baxımından həlledici olacaq. (AZERTAC)