"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan keçmiş prezidenti Robert Köçəryan ölkəsində siyasi gündəmlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O. qeyd edib ki, Vaşinqtonda imzalanmış sənəd Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmasıın qarşısını alan mühüm faktora çevrilib: "ABŞ elə ölkə deyil ki, siz onunla sənəd imzalayasınız və 2-6 aydan sonra onu ləğv edəsiniz və deyəsiniz ki, biz bunu qəbul etmirik. Bu, kifayət qədər çətin məsələdir".
Robert Köçəryan Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çarəsdinin olmadığına da işarə edib: "Ermənistanın yerləşdiyi coğrafi yerə nəzər saldıqda görərik ki, Türkiyə və Azərbaycan istisna olmaqla, bizim qonşu ölkələr üçün demək olar, heç bir tranzit potensialımız yoxdur. Hər bir ölkənin tranzit potensialı üç hissədən ibarətdir: birincisi ölkənin geosiyasi mövqeyi, ikincisi relyef, üçüncüsü yol şəbəkələrinin vəziyyəti – keyfiyyət, inkişaf və sair. İndi xəritəyə baxsaq, "Sülh yollarının kəsişməsi"nin nə demək olduğunu və Ermənistanın hansı tranzit potensialına malik olduğunu başa düşərik. Türkiyə və Gürcüstanın Ermənistandan yan keçərək bir-biri ilə əlaqə saxlamaq üçün hər cür imkanları var. Türkiyə və Rusiya arasında da belədir, Yuxarı Larsda türk avtomobilləri erməni avtomobillərindən qat-qat çoxdur. Gürcüstan-Azərbaycan timsalında da tam imkan var, nəqliyyat əlaqəsi mövcuddur, fəal işləyən əsas dəhliz Xəzərlə Qara dənizlər arasındadır. İran və Azərbaycanın da ünsiyyət qurmaq üçün hər cür imkanları var, İran və Azərbaycandan heç kim Ermənistan ərazisinə daxil olaraq ticarət etmir. Eyni vəziyyət Türkiyə və Gürcüstanda da belədir. Bunun mənası yoxdur. Heç bir yük maşını sürücüsü Ermənistan vasitəsilə Gürcüstana getməyə cəhd etməyəcək. İran-Türkiyə məsələsində də vəziyyət eynidir. Əslində, Ermənistan coğrafi mövqeyinə görə bu ölkələr üçün demək olar ki, heç bir tranzit potensialına malik deyil, ancaq bir istisna var: Azərbaycan-Türkiyə".
Keçmiş prezident vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərində nəzərdə tutulan Zəngəzur dəhlizi doğrudan da böyük əhəmiyyətə malikdir. O, həmin kommunikasiya xəttinin bir neçə komponentdən ibarət olduğunu da diqqətə çatdırıb: "Türk layihəsi olaraq, onun özü həqiqətən də tranzit potensialına malikdir. Başqa bir hal ondan ibarətdir ki, hər bir nəqliyyat dəhlizi həm də o ölkə üçün geosiyasi potensial, faktordur. Ermənistan ərazisinin tranzit potensialına malik və geosiyasi çəkisi olan hissəsi uzunmüddətli müqavilə əsasında ABŞ-ın idarəçiliyinə verilir".
Jurnalistlərin Zəngəzur dəhlizdən gözləntiləri barədə sualına cavab verən Robert Köçəryan deyib ki, bu layihənin Ermənistan üçün nə dərəcədə əlverişli olacağı daha çox Azərbaycandan asılıdır: "Birincisi, Yerasx-Culfa-İran dəmir yolu işə başlasa, İranla dəmir yolu əlaqəsi əldə edəcəyik. Əlbəttə, əgər Azərbaycan ərazisindən dəmir yolu əlaqəsi əldə etsək. Bu iki amil Ermənistan üçün maraqlıdır. Əgər Ermənistan bu iki şeyi əldə etməsə, bütün layihə Ermənistan üçün mənasız olacaq".
Elxan SALAHOV