Müxtəlif qətnamələrin qəbulu ilə bağlı məsələlərin parlamentdə müzakirəsi və qəbulu üçün rüşvət alınır. Elə təəssürat yaranır ki, sanki sözügedən qurumda çirkli pullar uğrunda əməlli-başlı mübarizə gedir.
Rüşvətin formaları müxtəlif xarakterli ola bilər – buraya həm bahalı restoranlarda şam yeməyi, həm intim xidmətlər, həm də nağd pul məbləğləri və sair daxildir. Avropalı deputatlar bunları müxtəlif dövlətlərin və təşkilatların maraqlarını həyata keçirdiklərinə görə əldə edirlər. Belə olan halda isə cinayət yolu ilə qazanılmış pulların yuyulması sxemlərindən istifadə olunur. Rüşvətin alınması üçün istifadə edilən üsulların çələngi kifayət qədər rəngarəngdir.
2022-ci ilin sonunda baş verən korrupsiya qalmaqalı Avropanı silkələdi. Avropa Parlamentinin vitse-prezidenti Yeva Kayli və digər beş nəfər rüşvətxorluqda, 2022-ci il futbol üzrə dünya çempionatının təşkilatçısı tərəfindən təqdim edilən böyük məbləğdə pul və hədiyyələrin köməyi ilə Avropa Parlamentinin qərarlarına təsir göstərməyə cəhddə ittiham olunaraq saxlanılmışdılar. Avropalı deputatların məhz öz həmkarlarının iştirakı ilə korrupsiya əməllərinin təfərrüatlarının aşkara çıxdığı gün onlar üçün əsl matəmə döndü.
Avropadakı erməni diasporu onilliklər ərzində Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamların, böhtanların yayılması ilə fəal şəkildə məşğuldur. Bu “orkestr”dəki ən əsas “skripka”lardan birini Kaspar Karampetyan adlı biri ifa edir. Yunanıstanda doğulan, Lüksemburq və Ermənistanın vətəndaşlığı olan K.Karampetyan şübhəli almaz biznesindən cinayət yolu ilə qazandığı pullarla Azərbaycan əleyhinə sənədlərin qəbul edilməsi üçün avropalı deputatların satın alınması ilə məşğuldur. Əvvəllər Azərbaycanın işğal altında olan ərazilərinə onun iştirakı və maliyyə dəstəyi ilə avropalı deputatların səfərləri təşkil olunub. O, Qarabağdakı separatçıların Avropanın və Avropa Parlamentinin siyasi dairələrindəki mənafelərinin lobbiçiliyini həyata keçirib, işğalçı rejimin legitimləşdirilməsi ilə bağlı cəhdlər göstərib. Karampetyan “ASALA” erməni terror təşkilatı ilə yaxın münasibətlər quraraq Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin gözdən salınması üçün canfəşanlıq edib. Amma hətta adi gözlə baxanda belə K.Karampetyanla onun Avropada olan “dostları” arasındakı münasibətlərin sırf korrupsiya üzərində qurulduğunu görmək mümkündür.
Yuxarıda sadalananlardan sonra Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiqini təklif edən qətnamənin qəbul olunması, yumşaq sözlə desək, təəccüb doğurur. Bu Avropa qurumu dəfələrlə həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ölkəmizin ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində Ermənistan rəhbərliyi səviyyəsində də tanınıb.
Görünür, onilliklər ərzində Avropada Azərbaycan əleyhinə əsassız fərziyyələrin yayılması ilə məşğul olan, öz ətrafında ölkəmizi gözü götürməyən bədxahları cəmləşdirən çoxsaylı erməni diasporu mövcud reallıqlarla barışmaq istəmir. Əlbəttə ki, bu işdə K.Karampetyanın və digər mafiya başçılarının çirkli pullarının da rolu az deyil.
Amma əminliklə demək olar ki, nə karampetyankimilər, nə onlarkimilərin oyunlarına alət olanlar, nə də digərləri Azərbaycanı haqq yolundan, tutduğu ədalətli mövqedən döndərə bilməz. Onlar bunu nə qədər tez anlasalar, həm onların özü, həm Ermənistan, həm də bütün region üçün o qədər yaxşı olar. (AZERTAC)