Əvvəlcə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması mərasimi olub. Sazişi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və VKP Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq imzalayıblar.
YAP nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Le Hoay Çunq Vyetnamın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. İki ölkənin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsiplərinə daim əməl etdiklərinə diqqəti yönəldən VKP Mərkəzi Komitəsinin katibi qeyd edib ki, istər Azərbaycan, istərsə də Vyetnam müstəqil siyasət yürüdən dövlətlər kimi beynəlxalq münasibətlər sistemində ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasi nizamın tərəfdarlarıdır. “Biz dövlətlər arasında münasibətlərin sağlam məcrada, konstruktiv müstəvidə, beynəlxalq hüquq normaları əsasında inkişafını dəstəkləyirik”, - deyə Le Hoay Çunq əlavə edib.
Daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından böyük önəm daşıdığını bildirən Le Hoay Çunq VKP ilə YAP arasında sıx əlaqələrin olduğunu vurğulayıb, qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. VKP rəsmisi partiyasının YAP ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyərək, Azərbaycan nümayəndə heyətinin səfərinin dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ötən il Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb, ölkələrimizin bu müddət ərzində əhəmiyyətli nailiyyətlər qazandıqlarını bildirib. Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərini xatırladan Tahir Budaqov Azərbaycan-Vyetnam dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama və Prezident Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana səfərləri dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb.
Tahir Budaqov 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Qələbə qazanan və 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə ölkə ərazisində separatizmin birdəfəlik ləğvinə nail olaraq BMT Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin edən Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb, Vyetnamın ölkəmizin ədalətli mövqeyini dəstəkləməsini minnətdarlıqla vurğulayıb.
T.Budaqov Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda aktual çağırışların meydana çıxdığını söyləyib. “YAP beynəlxalq əlaqələrin inkişafına da böyük önəm verir və sistemli siyasət həyata keçirməklə bu istiqamətdə məqsədyönlü addımlar atır. YAP ilə VKP arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
YAP ilə VKP arasında münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən Tahir Budaqov deyib: “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq iki partiya arasında əməkdaşlığın genişlədirilməsi yönündə müvafiq addımlar atırıq. YAP ilə VKP ikitərəfli əlaqələrlə yanaşı, Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) çərçivəsində də səmərəli işbirliyi həyata keçirir".
Ötən il Vyetnam Kommunist Partiyasının nümayəndə heyətinin ölkəmizə səfər etdiyini və YAP ilə VKP arasında səmərəli fikir mübadiləsinin aparıldığını söyləyən Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi də bu baxımdan olduqca əhəmiyyətli və faydalıdır.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. (AZERTAC)