19.10.2024, 17:21
AZ EN
17.11.2023, 18:42 254

Politoloq: ABŞ-ın siyasəti Azərbaycanı region ölkələri ilə daha da yaxınlaşdırır

XƏBƏRLƏR
  • ABŞ-ın siyasəti Azərbaycanı region ölkələri ilə daha da yaxınlaşdırır.

Bunu açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Politoloq deyib ki, ABŞ-dakı müəyyən qruplar Qarabağdakı ermənilərin hüquq və azadlıqları adı ilə Cənubi Qafqazdakı öz geosiyasi maraqlarını həyata keçirmək istəyirlər: "Azərbaycan hakimiyyətinin öncədən həmin geosiyasi mübarizə meydanında olmayacağı bəlli idi. Azərbaycan kiminsə hansısa maraqlarına görə Ermənistandan fərqli olaraq xalqını və dövlət maraqlarını qurban vermək niyyətində deyildi. Rəsmi Bakının mövqeyi belə idi ki, Azərbaycan Qərb platformasında da, Rusiya platformasında da Ermənistanla danışıqlara hazırdır. Əsas odur ki, bu danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülhə nail olmasına töhfə versin. Azərbaycanın bu ilin əvvəlində ABŞ-da keçirilən danışıqlara çox böyük ümidi vardı. Dövlət katibi Antoni Bilnkeninin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bir neçə görüş keçirilmişdi. Hətta o görüşlər arasında bir neçə gün davam edəni də vardı, Bakı və İrəvan arasında ilk dəfə belə intensiv danışıqlar olmuşdu. Antoni Blinkenə və ABŞ-dakı bir çox diplomata da yaxşı məlumdur ki, danışıqlarda nələr müzakirə edilirdi və sülh müqaviləsinin mətni nədən ibarət olmalıdır. Lakin çox təəssüflər olsun ki, ABŞ və Fransanın təklifləri Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinə daxil edilməsi ilə bağlı olub. Belə olan halda təbii ki, rəsmi Bakı Qərb platformasında Ermənistanla görüşlərə maraqlı olmayacaqdı. Çünki Azərbaycan diqtəni qəbul etməyəcək və qarşımıza qoyulan hər hansı bir sənəd Azərbaycan tərəfindən imzalanmayacaq”.

Zaur Məmmədov rəsmi Bakının mövqeyinin konkret olduğunu vurğulayıb: “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və öz ərazisindəki suverenliyini tanıyır. Amma bir şərtlə ki, Ermənistan da eyni mövqeyi ortaya qoysun və Azərbaycanın daxili işlərinə qarışmasın. Qarabağ erməniləri məsələsinin sülh müqaviləsində yer alması gələcəkdə Azərbaycan və Ermənistan arasında yeni problemlərə gətirib çıxara bilər. Belə olan halda əvvəldən məqsədyönlü şəkildə buna nail olunmaq istənilməsi anlaşılan idi. Digər tərəfdən, ölkəmizə qarşı bir təzyiqin də şahidiyik. Məqsəd rəsmi Bakının suverenliyini məhdudlaşdırmaq, hansısa ölkələrin erməni məsələsi adı altında Cənubi Qafqazda öz maraqlarını həyata keçirməsidir. Əslində ABŞ Senatının qəbul etdiyi sənəd, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasında müvafiq dinləmələrdə səsləndirildiyi bəyanatlar, ABŞ-ın siyasəti Azərbaycanı region ölkələri ilə daha da yaxınlaşdırır. Vaşiqqtonda başa düşməlidirlər ki, bu siyasətin perspektivi yoxdur. Ermənilər də sevinməməlidirlər. Çünki gələn lin payızında ABŞ-da seçkilərdir, gələn ilin yanvarından başlayaraq Avropa İttifaqının müxtəlif strukturlarında az qala 6 aya qədər davam edəcək seçkilər, seçkilərdən sonra kadrların təyinatını prosesi olacaq. Həmin vaxta qədər Qərb-Azərbaycan münasibətlərindəki bu soyuqluq aradan qalxacaq və Qərbdə yeni vəzifəyə gələnlər başa düşmüş olacaqlar ki, burada ədalətli tərəf Azərbaycandır və Azərbaycana qarşı qərəzli yanaşmaya yol vermək olmaz”.

Politoloq qeyd edib ki, Azərbaycanın məqsədi və tələbi məlumdur: “Heç kəs Azərbaycana diqtə etməməlidir. 30 il ərzində heç kəs Ermənistana, işğalçıya, separatçıya, terrorçuya güldən ağır bir söz demədi bundan sonra da Cənubi Qafqazdakı proseslərə qarışmasınlar. 30 ildir Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü var və onlar yurd-yuvalarının vəhşicəsinə dağıdılmasına, mina probleminə görə hələ də yurd-yuvalarına dönməyiblər. Qərbi Azərbaycandan qovulan soydaşlarımız da hələ yurd-yuvalarına qayıtmayıblar. Belə olan durumda Qərbdəki birtərəfli bəyanatlar Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılanır. Azərbaycan beynəlxalq hüquqa əsasən ədaləti bərqərar edib, ərazi bütövlüyü, suverenliyi bərpa olunub”. (APA)

Oxşar xəbərlər