10.03.2025, 23:09
AZ EN
15.11.2023, 11:23 327

Paşinyanın Rusiyadan üz çevirməsi Ermənistanı fəlakətə sürükləyir

XƏBƏRLƏR

Ermənistan sözdə “neytral və bloklara qoşulmayan ölkə” olmağa hazırlaşır. Bloklara qoşulmama rəsmi İrəvanın gələcəkdə Avropa İttifaqına üzv olması ilə yanaşı alternativ seçimlərdən biridir.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanınn Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiyası ana xətt olaraq qalır, amma bloklara qoşulmayan ölkə strategiyası da gündəmdədir: “Vətəndaş cəmiyyətini dinləyirik, onların dediklərinə qulaq asırıq, hansı seçimin Ermənistan üçün daha yaxşı olacağını anlamağa və düzgün qərar verməyə çalışırıq”.

Ermənistanla Rusiya arasında siyasi gərginliyin kəskin şəkildə pisləşməsi, baş nazir Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirakdan imtina etməsi fonunda Qriqoryanın belə bir açıqlama ilə çıxış etməsi siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bildirilir ki, 44 günlük müharibədən bəri rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və dolayısı ilə Rusiyanın sərt tənqid etməsi təsadüfi deyil və bu, hərbi-siyasi mövqenin dəyişməsinin təzahürüdür. Belə ki, Fransa və Avropa İttifaqı Qarabağda biabırçı məğlubiyyətə uğramış Ermənistanı Rusiyanın təsirindən çıxarıb öz çətiri altına alması üçün yaxşı imkan yaradır. Rusiyanın rəhbərlik etdiyi regional hərbi təşkilat rolunu oynayan KTMT-nin Qarabağ müharibəsində Ermənistana kömək etməməsi isə saqdəcə bəhanədir.

Ekspertlər bildirirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədi “bloklara qoşulmayan ölkə statusu”ndan aralıq mərhələ qismində istifadə edərək NATO-ya yaxınlaşmaq, sonra isə imkan yaranarsa, Şimali Atlantika Alyansına qoşulmaqdır. Paşinyanın KTMT-nin iclasını boykot etməsi və Qriqoryanın açıqlaması isə o deməkdir ki, Ermənistan Rusiyadan uzaqlaşmaq üçün artıq konkret addımlar atmağa başlayıb.

Siyasi təhlilçilər əmindirlər ki, İkinci Qarabağ müharibəsindən, xüsusilə də Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Moskva İrəvan üçün üçün geosiyasi əməkdaşlıqda maraqlı deyil. Belə ki, rəsmi İrəvan əvvəl KTMT, sonra da MDB sıralarını tərk edərək Rusiya ilə strateji əməkdaşlığa alternativlərə yol açmaq istəyir. Erməni diasporunun güclü təsirə malik Fransa ilə münasibətlərin maksimum həddə yaxınlaşdırılması bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirmə və son aylar Avropa İttifaqının çağırış və təkliflərinə qoşulması da eyni məqəsədə xidmət edir.

Parisdən verilən vədlər və Brüsseldən göndərilən dəstək mesajları da Ermənistanı “bloklara qoşulmama ölkə statusu”nu qazanmasına hesablanıb. Hətta yaxın illərdə Ermənistanın da Gürcüstan və Ukrayna kimi Avropa İttifaqına və NATO-ya üzvlük məsələsinin aktuallaşacağı görüntüsü yaradıla bilər. Bununla belə, İrəvanın bu niyyətlərə nail olacağı böyük sual altındadır. Əksinə, Qərbə meylli siyasət yürüdən Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşmaq cəhdləri Ermənistanın taleyi ilə bağlı ciddi problemlər yaradacağı daha realdır.

Elxan SALAHOV

Oxşar xəbərlər