Bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, səhiyyə infrastrukturu üzrə Ağdam və Füzuli şəhərlərində 2 mərkəzi xəstəxananın tikintisinə yaxın zamanlarda başlanılacaq. İstər Ağdamda, istərsə də Füzulidə Zəfər və açıq hava altında İşğal muzeyləri olacaq. Həmçinin hazırda Füzuli və Ağdam şəhərlərinin mərkəzi parkları və Ağdam Meşə Parkının tikinti layihələri hazırlanma mərhələsindədir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. 1-ci mərhələdə, 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşımızdakı əsas hədəflərdir”, - deyə o əlavə edib. (AZƏRTAC)