21.05.2024, 07:11
AZ EN
11.11.2023, 17:50 221

Deputat: Regionda sülhə nail oluna bilinməməsində əsas maneə Qərb dairələridir

XƏBƏRLƏR
  • Qərbin, xüsusən keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilik missiyasını üzərinə götürmüş Fransa və ABŞ-nin riyakar ritorikası nəticəsində Ermənistan 30 il işğal və təcavüz faktorunu davam etdirsə də, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfəri bölgədə reallığı köklü surətdə dəyişdi.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Ermənistan 2020-ci ilin noyabrında kapituliyasiya aktı imzalamağa məcbur oldu və ardınca öz güc və imkanlarını doğru qiymətləndirərək üçtərəfli Bəyanatın şərtlərindən bəzilərini, o cümlədən Ağdam, Kəlbəcər və Laçını işğaldan azad etməklə nisbi konstruktiv yanaşma göstərməyə başladı: “Lakin qeyd etdiyimiz Qərb gücləri bölgədə öz təsir rıçaqlarının itməsindən narahatlıq keçirərək münaqişənin davamlılığını təmin etmək, bölgədə separatizm ocağının qorunub saxlanmasına nail olmaq üçün Ermənistanı yenidən təcavüzkar ritorikaya təhrik etdilər. Nəticə etibarilə Vətən müharibəsi başa çatdıqdan sonra istər Azərbaycanın Qarabağ iqtisadi rayonunda, istərsə də Azərbaycan-Ermənistan şərti sərhədləri boyu dəfələrlə hərbi qarşıdurmalar yaşandı. Azərbaycan özünün sərhəd bütövlüyünü təmin edərək Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdikdən sonra, həmçinin bu ilin sentyabr ayında antiterror tədbirləri ilə bütün ərazilərində Konstitusiya quruluşunu bərpa etməklə Qərbin və Ermənistanın regionda bütün qanunsuz rıçaqlarını aradan qaldırmış oldu. Bu, eyni zamanda beynəlxalq hüququn prinsiplərinin və BMT Nizamnaməsinin aliliyinin təmin edilməsi idi. Davamlı olaraq beynəlxalq hüququn aliliyinə istinad edən Qərb subyektləri, xüsusən ABŞ, Fransa, Kanada kimi dövlətlər Azərbaycanın Cənubi Qafqazda 30 ildən sonra sülh və sabitliyə əsaslanan, əməkdaşlıq mühitini hədəfləyən status-kvo yaratmasına tamamilə fərqli prizmadan, ikili standartlardan çıxış edərək öz maraqları müstəvisindən baxmağa başladılar”.

Bəhruz Məhərrəmov qeyd edib ki, beləliklə, 10 illər ərzində insan haqları, demokratiya, beynəlxalq hüququn aliliyi məzmununda çağırışlar etməklə bir çox dövlətlərin daxili məsələlərinə burnunu soxan ABŞ, Fransa kimi dövlətlər Azərbaycanın yaratdığı yeni reallıq fonunda qeyri-sağlam niyyətləri ucbatından bölgədə oyundan kənarda qaldılar: “Gözləmədiyi halda proseslərdən məğlub çıxan Qərb marionet Ermənistandan və uydurma iddialardan istifadə edərək Azərbaycana qarşı yeni xaç yürüşünə start verdi və bu prosesdə müxtəlif platformalar alətə çevirməyə başladı. Bu gün əminliklə deyə bilərik ki, regionda Ermənistan və Azərbaycan arasında yekun sülh prosesinə nail oluna bilinməməsində əsas maneə öz çirkin niyyətlərini həyata keçirə bilməyən Qərb dairələridir. Üstəlik, əgər əvvəllər Azərbaycana qarşı xaç yürüşlərində dövlətin mövqeyini ifadə etməyən, qanunverici hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslər, yaxud qeyri-hökumət təşkilatlarının nümayəndələri aktiv rol alırdısa, bu gün artıq istər ABŞ-nin Dövlət Departamenti, istərsə də Fransa Xarici İşlər Nazirliyi açıq formada Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə zidd mövqelərini gizlətmirlər. Hətta beynəlxalq hüququn dövlətlərin əməkdaşlığı prinsipinin daha effektiv təmin olunmasına yönəlməli olan çoxsaylı platformalar, o cümlədən bu günlərdə baş tutan Paris Sülh Konfransı faktiki olaraq münaqişələrin daha da dərinləşməsinə xidmət edən tədbir kimi yadda qaldı. Ermənistan Baş naziri Nikol Paşinyan məhz Qərbin ritorikasına arxayın olaraq Parisdən siyasi manipulyasiyalar və qeyri-konstruktiv davranışlar nümayiş etdirməklə, uydurma etnik təmizləmə iddiaları irəli sürməklə Azərbaycan və Ermənistan arasında mümkün sülh imkanlarına ciddi zərbələr vurdu. Lakin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 30 il ərzində işğalda qalması, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün durumuna düşməsi prosesində susan Qərbin bu gün həm birbaşa, həm də Paşinyanın dili ilə Azərbaycanı etnik təmizləmədə günahlandırması ciddi və qəbuledilən deyil. İlk növbədə ona görə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundan köç edən ermənilər hər hansı təhdid və təzyiqlə üzləşməyib, onların bu əraziləri könüllü şəkildə tərk etmələri audiovizual formada sənədləşdirilib. Biz hələ sovet dövründən bu ərazidə yaşayan və qanuni şəkildə mövcud olan ermənilərin Qarabağdan köçündə maraqlı tərəf olmamışıq. Ermənilər 30 illik düşmənçilik ritorikasının, zərərli təbliğatın təsiri və Ermənistanın, habelə onun havadarlarının təşviqi ilə bölgəni tərk ediblər. Azərbaycan dövləti və aidiyyəti strukturlar isə köç prosesinin insan ləyaqəti və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görüb. Amma hər kəs xatırlayır ki, azərbaycanlılar istər Qərbi Azərbaycandan, istərsə də Şərqi Zəngəzur və Qarabağdan hansı şərtlərdə, hansı mərhumiyyətlərə məruz qalaraq qovulub. O dövrlər və sonrakı 30 il ərzində Ermənistanın vəhşiliklərinə göz yuman, hətta İrəvanı bu prosesə daha da təşviq edən Qərbin bu gün Azərbaycanı hansısa uydurma etnik təmizləmədə günahlandırması, Azərbaycanın öz ərazilərində Konstitusiya quruluşunu bərqərar etməsi əleyhinə bəyanatlar verməsi beynəlxalq hüquq adına utancdır və tərəfimizdən rədd edilir. Ermənistan isə anlamalıdır ki, min kilometrlərlə kənarda yerləşən və bölgə ilə heç bir mənəvi, siyasi, hüquqi bağlılığı olmayan subyektlərin erməni dövlətçiliyinin davamlılığı və erməni xalqının rifahı naminə ortaya qoyacağı heç bir müsbət məqam ola bilməz”. (APA)

Oxşar xəbərlər