“Qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərindən biri-Almaniyanın “De Velt” nəşri “Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib”. Bunu Milli Məclisin İnsan Hüquqları Komitəninin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc Parlamentin plenar iclasındakı çıxışı zamanı ifadə edib. Hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşı tutarlı arqumentlər gətirən deputatın sözlərinə görə ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırki alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. Millət vəkili qeyd edib ki, “De Velt” dərgisinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq:
“Avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır. Halbuki, Prezident “Zəngəzur dəhlizində hərbi planımız yoxdur”,- dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrıseçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, “De Velt” nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür”.
Komitə rəhbəri sonra vurğulayıb ki, bu günlərdə Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Qərbi tanımalı və tanıtmalıyıq: “Bəli, 70 ildir Türkiyəni Osmanlı xofu ilə Brüsselin qapısında saxlayanlar Ermənistan Baş nazirini Avroparlamentdə ayaqüstə alqışlayır, Qafqazın “demokratiya mayakı” adlandıraraq, 30 illik işğala haqq qazandırır, müharibədə “qurban gedən və Qərbin forpostu, məzlum erməni xalqı” obrazını formalaşdırır. Bəs dünyada ədaləti təmin edən qalib Azərbaycan liderini Brüsselin titullu salonlarında niyə dinləmirlər? Çünki Ermənistanla birlikdə özlərini də məğlub sayırlar. Ona görə də sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq. Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da faydası yoxdur”.
Z.Oruc daha sonra əlavə edib ki, Azərbaycan və Türkiyənin birgə son hərbi təlimləri İrəvana hücum planı deyil, regiona beynəlmiləl statusda gəlməyə çalışan və hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşıdır: “Qafqazda sülhü Türkiyənin, Rusiyanın, İranın, Ermənsitanın və Gürcüstanın əlindən alıb dövlətləri bir-birinə sladırmaq istəyən məhz Qərb dairələridir. Brüsseli siyasi Məkkəyə çevirənlər Ukraynaya hücum edən Rusiyadan danışıb, Amerikanın İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsini görmürlər. Strasburqun zahiri parıltılı demokratiya binaları mahiyyətcə imperializmin bir parçasıdır. Niyə o binalarda bircə dəfə Poloneziyada keçirilən 220 nüvə sınaqlarına yer verilməyib. Yoxsa onlar insan deyil?
Ona görə “De Velt” qəzeti “Qarabağın kölgəsində: Qəzzaya sülhü necə aparmalı” adlı məqalə ilə çıxış etsin, dünyaya ədalətli sülh gətirən Azərbaycanı Yaxın Şərqə nümunə göstərsin. Əlbəttə, 3-cü Reyxin varislərinə bu sərfəlidirsə...” – deputat bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ