“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmond Marukyan bildirib. O, qeyd edib ki, rəsmi Bakı Qarabağ bölgəsi və ətraf 7 rayonu 30 il ərzində işğal altında saxladığına və işğal dövründə insfratrukturu məhv etdiyinə, təbii sərvətlərdən qanunsuz istifadəyə görə Ermənistandan 1 trilyon dollar təzminat tələb edəcək.
Marukyan əlavə edib ki, rəsmi Bakı İrəvandan Azərbaycanın yeddi rayonu da daxil Qarabağ 30 ilə yaxın işğal altında saxlaması və həmin ərazilərdə enerji resurslarının istifadəsinə görə də təzminat tələb edəcək.
Azərbaycanın Ermənistana qarşı təzminat iddiası son günlər yerli və xarici mətbuatda geniş müzakirə edilsə də, rəsmi Bakı bununla bağlı hər hansı açıqlama yaymayıb. Amma Marukyanın açıqlaması göstərir ki, mövzu tərəflər arasında tam ciddiyyəti ilə aktual olaraq qalır.
Xatırladaq ki, torpaqlarımızın işğalı dövründə ermənilər Qarabağ və ətraf 7 rayonda qiymətli ağac növlərini məhv edib, mədəni abidələri dağıdıb. Həmçinin işğal altındakı ərazilərdə qiymətli metallar, xüsusən də qızıl ehtiyatı talan edilərək Ermənistana daşınıb və oradan üçüncü ölkələrin bazarlarına çıxarılaraq satılıb. Ermənistanın bu qanunsuz əməlləri ilə bağlı hələ 2018-ci ildə ilkin qiymətləndirmə aparılması üçün istintaq fəaliyyəti həyata keçirib. Məhkəmə ekspertizası əsasında Azərbaycana vurulan zərərə görə 296 şəxsin günahkar olduğu sübut edilib. Həmin vaxt aparılmış ilkin qiymətləndirmələr nəticəsində Ermənistanın Azərbaycana 818 milyard 880 milyon dollar maddi zərər vurduğu müəyyən olunmuşdu.
2002-ci ildə isə Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda Ermənistanın Azərbaycana 1 trilyon dollar təzminat ödəməli olduğunu söyləmişdi. O, təkcə Şuşada mədəni abidələrin məhv edilməsi və Ağdam şəhərinin yer üzündən silinməsi faktına görə Ermənistanın beynəlxalq məhəmədə cavab verməli olduğuna diqqət çəkmişdi: “Ağdamda gördüyüm dağıntılardan sonra 1 trilyon dollar məbləğində təzminatın hətta yetərli olmadığı qənaətindəyəm. Ermənistan işğal zonasındakı dağıntılara, infrastruktur obyektlərinə və mədəni abidələrə vurduğu zərərə görə cavab verməlidir. Dağıntıların iqtisadi aspektini də unudulmamalıdır”.
Elxan SALAHOV