İkinci Qarabağ müharibəsinin və bu ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsinin yekununda regionda yaranan yeni geosiyasi reallıqlar, rəsmi İrəvanın üçüncü ölkələri regiona cəlb etmək kimi destruktiv fəaliyyəti, Bakı-Moskva münasibətlərinin inkişafı və digər mövzular müzakirə olunub.
Dəyirmi masanın moderatoru, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib ki, Azərbaycan güc yolu ilə maraqlarını tam şəkildə təmin edib. “Azərbaycan qalib obrazını bir daha təsdiqlədi, hansı ki, müasir dünyada buna çox böyük tələbat var. Prezident İlham Əliyev bu gün qələbənin simvoludur. Azərbaycanın bu qələbəsindən sonra dünyada bir çox ölkələr, güc mərkəzləri problemləri həll etmək üçün hərbi yola əl atmağa məcbur olublar. Hazırda Yaxın Şərqdə baş verənlər də bunu göstərir. Dünyanın digər nöqtələrində də bunun şahidi olacağıq. Azərbaycanın qələbə təcrübəsinə dünyada çox tələbat var”.
Rusiyalı ekspert Fransanın Cənubi Qafqazda sabitliyi pozduğunu söyləyib. Bildirib ki, bu gün regiondan kənar bəzi dövlətlərin Cənubi Qafqazın geosiyasi vəziyyətinə müdaxilə cəhdlərini müşahidə etmək olar: "Məsələn, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Fransa bununla Rusiyadan qisas almağa çalışır. Çünki Fransa Burkina-Faso və Mərkəzi Afrika Respublikasından qovulub. İndi isə Cənubi Qafqaza sızmağa çalışırlar. Fransanı Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır. Cənubi Qafqazın işlərinə qarışmağa çalışan yeganə ölkə Fransa deyil. Hər kəs ABŞ və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsindən xəbərdardır. Bəlkə də, tezliklə Ermənistanda Amerika hərbi bazalarının yaradılması barədə də eşidəcəyik”.
Markov region ölkələrinin - Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə, İran arasında “3+3” formatının Cənubi Qafqazın inkişafı üçün çox perspektivli olduğunu söyləyib: “Cənubi Qafqaz ölkələri üçün ümumi iqtisadi məkanın yaradılması regionun inkişafına gətirib çıxara bilər, lakin bu, yalnız nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzurun dəhlizinin açılması ilə mümkündür. Nəqliyyat dəhlizlərinin açılması problemi həll olunarsa, o zaman 3 ölkə arasında vahid iqtisadi məkanın yaradılması ehtimalı reallaşar”, deyə rusiyalı ekspert əlavə edib.
Dəyirmi masada çıxış edən Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Cənubi Qafqazda yeni geosiyasi reallığın yarandığını vurğulayıb: “Bu reallıq ondan ibarətdir ki, Azərbaycan de-fakto və de-yure öz ərazi bütövlüyünü bərpa edib. Bu reallıq həqiqətən də regionun gələcək inkişafı baxımından yeni anlayış tələb edir. Burada söhbət regiondakı hadisələrin bundan sonra necə cərəyan edəcəyindən, əsas tərəflərin maraqlarının nədən ibarət olacağından və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair gələcək formatların necə ola biləcəyindən gedir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün fəaliyyəti beynəlxalq hüquqa uyğun olub. Ona görə də, hazırkı vaxtda bu və ya digər ölkələrin, güc mərkəzlərinin Azərbaycana təzyiq etmək, onun həyata keçirdiyi tədbirlərin legitimliyini şübhə altına almaq cəhdləri tamamilə qanunsuzdur. Biz görürük ki, heç də bütün ölkələr və güc mərkəzləri regionda baş verən dəyişiklərə sevinmir. Biz rəsmi İrəvanın olduqca ziddiyyətli və ikiüzlü mövqeyini müşahidə edirik, hansı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə xarici oyunçuları təsdiq qüvvəsi kimi regiona cəlb etməyə cəhd edir. Destruktiv mövqeli ölkə kimi Fransanı görürük, hansı ki, sadəcə Ermənistanı dəstəkləməklə kifayətlənmir, Cənubi Qafqazda sülh prosesini tormozlamağa səy göstərir. Bu fonda Rusiya regionda sakit, ölçülü və əmin mövqe sərgiləyir. Müəyyən qüvvələrin Moskva ilə Bakının arasını vurmaq cəhdlərinə baxmayaraq, bu cəhdlər uğursuzluğa düçar oldu”.
Ekspert hesab edir ki, Cənubi Qafqazda regionunda xarici hərbi kontingentlərin yerləşdirilməsini istisna etmək lazımdır. Onun sözlərinə görə, regiondan kənar oyunçuların Cənubi Qafqazda hərbi kontingentinin yerləşdirilməsinə imkan verilməməlidir: “Bizə Avropa İttifaqının, ya da NATO-nun saxta sülhməramlı kontingentləri lazım deyil. Üstəlik onların regionda hərbi mövcudluğu üçün hüquqi baza mövcud deyil. Ona görə, Qarabağ Azərbaycandır və oradakı bütün məsələlər istisnasız olaraq Azərbaycanın qanunvericiliyi əsasında nizamlanacaq. Bizə nə Avropa İttifaqının, nə də Qərbin digər hərbi-siyasi təşkilatlarının müşahidə missiyası da lazım deyil. Çünki, çox yaxşı başa düşürük ki, diplomat pərdəsi altında regionda Qərbin aparıcı strukturlarının professional kəşfiyyatçıları işləyirlər. Onların məqsədi regionda vəziyyəti qeyri-sabitləşdirməkdir.
Digər vacib məsələ Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasıdır. Zəngəzur nəqliyyat dəhlizinin açılması məsələsi məşhur 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanatın 9-cu bəndində də qeyd olunub, hansı ki, həmin sənəddə Ermənistan Baş naziri Nikol Paşinyan da imza atıb. Bu gün isə İrəvan bu bəndi icra etməkdən qəti boyun qaçırır.
Əlbəttə ki, ən başlıcası Rusiya sülhməramlı kontingentinin taleyidir. Bu, artıq Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin məsələsidir. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və burada Rusiya sülhməramlı kontingentinin mövcudluğu bundan sonra ikitərəfli razılaşma əsasında nizamlanacaq. Sülhməramlıların fəaliyyəti ilə bağlı müxtəlif variantlar ola bilər. Düşünürəm ki, bu prinsipial məsələ Qırğızıstanda Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə olunacaq. Təxmin etmək olar ki, sülhməramlıların formatı dəyişsin. Qarabağın erməni əhalisi Azərbaycan cəmiyyətinə inteqrasiya prosesində sülhməramlıların nümayəndəsinin iştirakı mümkündür. Ola bilər ki, bu müşahidə missiyası formatında olsun. Düşünürəm ki, bütün bu məsələlər prinsipialdır”.
Azərbaycanlı politoloq Eldar Namazov isə çıxışında ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması üçün kiçik bir detalın hələ də qaldığını xatırladıb:
“Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də deyib. Ermənistan hələ yeddi sərhədyanı kəndi qaytarmalıdır, hansı ki, bu kəndlər 86,6 min kvadrat kilometr əraziyə daxildir. Ermənistan isə Azərbaycanın ərazisini məhz bu həcmdə tanıdığını bəyan edib. Bu məsələnin həlli vacibdir. Çünki, bu, həll olunmasa, gələcəkdə müəyyən problemlərə gətirib çıxara bilər. Ona görə də, Ermənistan real olaraq Almaatı Bəyannaməsinə sadiq olmalıdır. Bu məsələ mütləq həllini tapmalıdır”.
Digər azərbaycanlı politoloq Zaur Məmmədov isə Qarabağ faktorunun uzun illər Moskva-Bakı münasibətlərinə maneə olduğunu diqqətə çatdırıb: “Qarabağ amili təkcə son 30 ildə deyil, hansısa mənada Rusiya imperiyası dövründə, Sovetlər dövründə Azərbaycan-Rusiya əməkdaşlığına maneə olub. Həm erməni məsələsi, həm də Qarabağ məsələsi Bakı ilə Moskvanın fikir ayrılıqlarına, mübahisələrinə səbəb olub. Lakin bu gün artıq bu faktor yoxdur. Çünki Dağlıq Qarabağ yoxdur. Ona görə də, düşünürəm ki, Moskva ilə Bakı daha sıx əməkdaşlıq edəcəklər. Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına maneə olan amil bu gün artıq mövcud deyil”, - deyə azərbaycanlı eskpert vurğulayıb.
Dəyirmi masada çıxış edən “ADA” universitetinin prorektoru Fariz İsmayılzadə və Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov son üç il ərzində Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasının, xarici siyasət kursunun çox dəyişdiyinin bildiriblər. Qeyd ediblər ki, regionda baş verən yeni dəyişikliklər yeni alyansların və yeni təhdidlərin yaranmasına gətirib çıxarıb. (APA)