Tarixi faktlara əsaslanan müfəssəl yazının müəllifi BMT-nin sabiq sözçüsü, hazırda "Əl Qüds Əl Ərəbi" nəşrinin beynəlxalq təşkilatdakı bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin professoru, siyasi şərhçi Abdelhamid Siyamdır.
"Artsax Respublikası" ləğv olundu, Qarabağ bölgəsi Azərbaycanın suverenliyinə qayıtdı" başlıqlı yazıda politoloq Ermənistanın Azərbaycanın tarixi torpaqlarında 30 il ərzində həyata keçirdiyi işğaldan bəhs edib, münaqişəyə dair bilinən və bilinməyən tarixi faktları qələmə alıb.
Məqalədə jurnalist münaqişənin tarixi köklərinə enərək Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Qarabağdakı ermənilər vasitəsilə bölgəni işğal siyasətindən, bu ölkənin 30 il ərzində Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki əhaliyə qarşı yönəldilən çoxsaylı cinayətlərdən, bölgədə etnik təmizləmə siyasətindən bəhs edib.
Siyasi şərhçi Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları, hərbi təxribatları və Vətən müharibəsinə gətirib çıxaran səbəblər haqqında məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə Ordusunun 44 günlük müharibə zamanı tarixi zəfərə imza atdığını, ərazi bütövlüyünü bərpa etdiyini qələmə alıb.
Ötən il Qarabağda səfərdə olan jurnalist məqalədə bölgədə şahidi olduğu erməni vadaliziminin izlərindən də bəhs edib. Bildirib ki, Ermənistan Azərbaycanın mülki obyektlərinə qadağan olunmuş silahlarla etdiyi hücumlar çoxsaylı insan tələfatına səbəb olub və məcburi köçkünlər Ermənistan tərəfindən bölgəyə yerləşdirilmiş minalar səbəbindən hələ də doğma yurd-yuvalarına qayıda bilmirlər.
Jurnalist məqalədə Ermənistanın müharibə mirası olan minaların partlayışı nəticəsində günahsız insanların həyatlarını itirməsindən də bəhs edib:
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını rəsmi dəvəti ilə Birləşmiş Millətlər Təşkilatında akkreditə olunmuş bir qrup jurnalistlə ötən il Qarabağa səfər etdim. Biz 2020-ci ildə 30 ildən sonra işğaldan azad edilmiş bölgəni gəzdik və ordakı vəziyyətlə tanış olduq. Dağıntıların miqyası olduqca böyük idi. Ermənistan işğal altında saxladığı bölgədə minlərlə mina basdırıb, bütün kəndlər, şəhərlər, binalar, müəssisələr, mehmanxanalar, köhnə saraylar tamamilə dağıdılıb, 67 məsciddən 65-i yerlə-yeksan edilib, məscidlərdən heyvan saxlamaq üçün istifadə edilib. Üzüm bağları və meşələr yandırılıb, qəbiristanlıqlarda məzarların mərmərləri belə talan edilib, hətta ölülər məzarlardan çıxarılıb, qızıl dişləri götürülüb.
Səfər başa çatdıqdan sonra Azərbaycanın yerli mediası mənə təəssüratlarımla bağlı sual verdi. Dedim ki, ermənilər bu əraziləri tərk edəcəyini bilirdi. Əgər iddia etdikləri kimi, həmin torpaqlar onlara məxsus idisə onda niyə oranı viran qoyur, dağıdırdılar? Niyə ermənilər 30 il ərzində bölgədə bir ağac əkməyib, ev tikməyib, qəsəbə salmayıb, yol təmir etməyib, tam əksinə, mövcud olan hər şeyi məhv ediblər? Ermənilər bilirdilər ki, gün gələcək o yerlərin əsl sahibləri torpaqlarına geri dönəcəklər".
Məqalədə "BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair 30 il ərzində icrasız qalan qətnamələrindən, ötən müddət ərzində münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs olunub, bütün baş verənlərə baxmayaraq münaqişəsinin həllində sülh yolunu seçən Azərbaycanın səylərinin qarşılıqsız qaldığını qeyd edilib və rəsmi Bakının öz gücü ilə bərpa etdiyi tarixi ədalətdən bəhs olunub. Yazıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı vurğuladığı faktlardan sitatlar da yer alıb.
A.Siyam məqaləsində Azərbaycan ordusunun Qarabağda addım-addım tam üstünlük əldə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin bölgəni tamamilə tərk etdiyindən bəhs edib, bu ilin sentyabrın 19-da Qarabağda Azərbaycan hərbçiləri tərəfindən 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədə qalan qanunsuz silahlı birləşmələrin darmadağın olduğunu, Xankəndidəki qondarma rejimin ləğv edildiyini qələmə alıb.
O, çoxmillətli ölkə Azərbaycanda tarixin bütün dövrlərində bir çox dinlərin və etnik qrupların nümayəndələrinin sülh, firavanlıq içində yaşadığını vurğulayıb, Azərbaycan hökümətinin Qarabağdakı etnik ermənilrlə sülh içində yaşamasına təminat verdiyini bildirib. (Report)